10 yanvar 2020 11:41
596

Radikal müxalifət yol qəzalarına da siyasi rəng verməyə çalışır

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkiləri öncəsi müxalifətin təxribat yaradan çıxışları, ölkədə baş verən kriminal hadisələri şouya çevirmək cəhdləri bir daha onların siyasi uğursuzluğunu göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O bildirib ki, ümumilikdə götürdükdə dünyanın hər yerində cinayət hadisələri baş verir və buna qarşı müvafiq cəza tədbirləri görülür:

“Əgər bir hadisə törədilirsə, birinci növbədə onun səbəbləri araşdırılır və bununla bağlı ölçü götürülür. Radikal müxalifət o qədər çarəsiz hala düşüb ki, artıq məişət zəminində olan hadisələri, hətta yol qəzalarını da ictimailəşdirir və bu hadisələrə siyasi rəng verməyə çalışır. Adi bir hadisə ilə bağlı sosial şəbəkələrdə, internet televiziyalarında müzakirələr açırlar, bu hadisələri də dövlətin "ayağına yazmağa" çalışırlar. Təbii ki, bu istiqamətdə onlara xaricdən göstərişlər verilib. Müxtəlif dövlətlərdən, beynəlxalq təşkilatlardan Azərbaycana müşahidəçilər gələcək, seçki prosesini izləyəcəklər. Radikal müxalifət isə bu ərəfədə seçki prosesinə kölgə salmaq üçün belə çirkin yollara əl atır”.

S.Novruzov vurğulayıb ki, bunlar radikal müxalifətin çox uğursuz cəhdləridir:

“Bunların məqsədi odur ki, nə olur-olsun, Azərbaycan haqqında pis bir fikir yazılsın. Ancaq onlar nə qədər çalışsalar da məqsədlərinə nail ola bilməyəcəklər. Çünki xalq onların hansı mərama xidmət etdiyini yaxşı bilir və görür. Odur ki, radikal müxalifət xalqın etimadını tamamilə itirib, xarici qüvvələrin əlində alətə çevrilib”.