07 noyabr 2019 17:57
76

Radikalların aşiq olduqları İnsanovun vaxtilə çapıb-taladığı pullarıdır

Korrupsioner Əli İnsanovla onun “faşist” adlandırdığı İsa Qəmbər və digərlərinin bir araya gəlib, demokratiya müzakirələri aparması yalnız növbəti uğursuzluğun və iflasın başlanğıcı ola bilər

Məlum olduğu kimi, Azərbaycandakı dağıdıcı müxalifət partiyaları hər zaman öz aralarında birlik yaratmağa çalışıblar. Bu məqsədlə dəfələrlə müxtəlif birlik və təşkilat yaratmağa müvəffəq olsalar da, bu təşkilatların daxilində birliyə heç cür nail ola bilməyiblər. Elə onların mövcud olan blokları da Müsavat və ya AXCP-nin ucbatından parçalanıb. “Yorulmayan” dağıdıcılar isə hər dağılanın yerinə yeni birlik yaratma planlarına başlayıblar. Yadınızdadırsa, hələ 2010-cu ildə keçirilən parlament seçkiləri öncəsi müxalif partiyalar birləşmək və seçkilərə birgə getmək barədə danışıqlar aparmağa başladılar. Onların inhisarında olan qəzetlər də bu “danışıq və görüşləri” səhifə-səhifə işıqlandırmağa başladılar. Son nəticədə isə birlik əvəzinə əks proseslərin şahidi olduq. Son 5 il ərzində mövcud olan “Azadlıq” bloku dağıldı. Seçkilərdən sonra bir sıra müxalif partiyalar “İctimai Palata” (İP) adı altında birləşməyə cəhd göstərdilər. Bu qurumun da aqibəti göstərdi ki, hər seçki ərəfəsində vahid namizəd məsələsində razılığın əldə edilməməsi təşkilatdakı vəziyyəti günü-gündən daha da gərginləşdirir. Sonda ortaq məxrəcə gələ bilməyən dağıdıcılar İP-nin də “ipini çəkdilər”. Bir müddət sonra “Milli Şura” adlı yeni qurum yaradıldı. Yaradılan zaman dildən-ağızdan “düşməyən” “Şura”nın indi adını anan da yoxdur. Əslində burada təəccüblənəsi bir hal da yoxdur. Çünki “xeyli sayda” birlik yaratmağa müvəffəq olan dağıdıcıların bütün fəaliyyəti belə müvəffəqiyyətsizliklə nəticələnir. 

Bununla belə, yeni birlik modeli axtarışı bu gün də davam etməkdədir. Götürək elə noyabrın 5-də Müsavat Partiyasının qərargahında keçirilən “dəyirmi masa”nı və onun ətrafında yanaşı əyləşən şəxsləri - Müsavatın keçmiş başqanı İsa Qəmbər, indiki başqan Arif Hacılı, AXCP sədri Əli Kərimli və keçmiş səhiyyə naziri Əli İnsanov.. Bunu sözün əsl mənasında həyatın ironiyası adlandırmaq da olar. Bir zamanlar Əli İnsanov İsa Qəmbərin ünvanına müxtəlif tribunalardan, televiziya ekranlarından “faşist”, “nasist”, “genetik xəstə”, “mikrob” və s. ittihamları yağdırırdı. Səhiyyə sistemini cinayət yuvasına çevirən, vaxtilə müxalifəti sağa-sola qılınclayan Əli İnsanovun indi müxalifətin birliyi təşəbbüsünün aparıcı simasına çevrilməsi bu formatın nə qədər simasız olduğunu nümayiş etdirən faktordur. Bu şəxslərə baxanda ən azı istehza etməmək mümkün deyil.

Korrupsioner Əli İnsanovla onun “faşist” adlandırdığı İsa Qəmbər və digərlərinin bir araya gəlib, demokratiya müzakirələri aparması yalnız növbəti uğursuzluğun və iflasın başlanğıcı ola bilər. Öz əqidədaşlarına belə yuxarıdan aşağı baxan müxalifət başçılarının onlara ən ağır sözlər deyən, təhqir edən, öz partiyasına, əqidəsinə, liderinə xəyanət etmiş Əli İnsanovla qürurla yanaşı oturması onların prinsipsizliyini göstərir. Görünür Əli İnsanovun maddi imkanları, vaxtilə ölkə səhiyyəsini talamaq hesabına topladığı var-dövlət müxalifət başçıları üçün geninə-boluna təbliğ etdikləri dəyərlərdən daha üstündür.

Xatırladaq ki, hələ 3 il öncə AXCP və “Milli Şura” kimi qurumların və onların təbliğat ruporu olan “Azadlıq”ın İnsanov ətrafında var-gəl etmələri, onun adının gündəmə çıxarmalarına nail olması, əslində bir çox mətləblərdən xəbər verməkdə idi. Halbuki Əli İnsanovun səhiyyə naziri olduğu vaxtlar onun dövlətdən çapıb-taladığı milyonları barədə yazanlar, demək olar ki, hər gün səhifəsində palaz-palaz “yıxıb-sürüyən” yazılar verənlər də, bu gün onun yanında əyləşənlərdir. Bu zaman istər-istəməz belə bir sual yaranır ki, bir insan məlum cinayətlərinə görə həbsə düşdüyü müddətə qədər müxalifətin ən qatı düşməniydisə, nədən həbs olunan kimi onların dostuna çevrildi? Əslində, bu sualın özündə sıralama cavablar mövcuddur. Məsələn, bu gün onun “müxalifəti birləşdirəcək lider” kimi “birləşdirici” rol oynayacağını düşünənlər, əslinə puluna, varına-dövlətinə göz dikənlər toplumudurlar. Yəni siyasi baxışlarını 100 dollara dəyişənlər üçün hətta onların nəsil-nəcabətlərini söyüb ciblərinə pul qoyanlar da liderə çevrilə bilər. Fakt da budur ki, bu gün Əli Kərimli, İsa Qəmbər kimi əqidəsiz insanlar indi də Əli İnsanovun qoltuğunun altına qarpız verməklə, ondan nə isə qopara biləcəklərini düşünürlər. Əli İnsanov ətrafında növbəti süni lider obrazı yaradanlar heç də onun “qara qaşına”, “qara gözünə” aşiq olmayıblar. Radikalların aşiq olduqları İnsanovun vaxtilə çapıb-taladığı pullarıdır.

Göründüyü kimi, müxalifətin sözügedən dəyirmi masası fürsətçi maraqların üstünlüyünü növbəti dəfə ortaya qoymuş oldu. Əgər bu gün müxalifəti birləşdirən faktor Əli İnsanov kimi korrupsioner və əqidəsiz biridirsə, onda masa arxasında toplaşanların səviyyəsi, aqibəti və planları barəsində bir kəlmə belə söyləməyə dəyməz.

Sevinc Azadi, “İki sahil”