05 noyabr 2019 17:17
133

Rafiq Əliyev: “Azəristiliktəchizat” ASC qış mövsümünə hazırdır

“Azəristiliktəchizat” ASC tərəfindən istilik təchizatı obyektlərinin mövcud qazanxana, şəbəkələr, magistral və məhəllədaxili kəmərlər və digər istehsal təyinatlı avadanlıqların qış mövsümünə hazırlanması ilə bağlı tədbirlərin icrası davam etdirilir.

Bu barədə açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib. O qeyd edib ki, respublikanın dağlıq və dağətəyi rayonlarında noyabrın 10-dan, Bakı şəhərində isə noyabrın 15-dən başlayaraq 550 qazanxana vasitəsilə 3850 yaşayış binası, o cümlədən 180 mindən çox mənzil, habelə 290 məktəb,150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1600-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Abunəçilərin istiliklə təchizatı üçün hazırlıq işlər yekunlaşıb. İstilik sistemində ən vacib sahələrdən birinin magistral xətlərin olduğu nəzərə alınaraq 990 kilometr xətt yuyulub və hidravlik təzyiqlə yoxlanılıb, 44,1 kilometr məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub. Bundan başqa, 515 ədəd ehtiyyat su çəni yoxlanılaraq hazır vəziyyətə gətirilib. 2970 ədəd çirktutan təmizlənib və 535 ədəd qaz təsərrüfatı baxışdan keçirilərək 150 kilometr qaz xətti yoxlanılıb.

Tədbirlər planına əsasən hazırda bir çox qazanxana və məntəqələrdə istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılıb. Bu sistem vasitəsilə Bakı şəhərinin və regionların istənilən ərazisində qazanxana və istilik məntəqələrindən yaşayış binalarına, sosial obyektkərə gedən və qayıdan xətlərdəki suyun temperaturuna və təzyiqinə, qazanxanaların girişində qaz təzyiqi parametrlərinə nəzarət etmək mümkündür.

Mövsümə hazırlıqla əlaqədar tədbirlərin davam etdiyini deyən Rafiq Əliyev əlavə edib ki, istehlakçılar tərəfindən də yaşayıyış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülür. Binaların ümumi istifadə olunan hissələrində, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkisinin qarşısını almaq üçün müəyyən işlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları dərhal aradan qaldırılmalıdır.

R.Əliyev qeyd edib ki, abunəçilərin şikayətləri 24 saat ərzində 956 çağrı mərkəzi tərəfindən qeydə alınacaq, onlarla əlaqə saxlanılacaq.