14 yanvar 2020 20:39
721

Ramiz Göyüşov: 2019-cu il uğurlu struktur və kadr islahatları ilə yadda qaldı

“Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə qeyd olundu ki, ölkəmiz 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə edib. Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib. Bütün sahələrdə möhtəşəm nailiyyətlərin qazanılması ölkəmizin qüdrətinin daha da artmasını təmin edib.” Bu fikirləri YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov İkisahil.TV-yə müsahibəsində bildirib.

Ramiz Göyüşov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtisadi artım sürətlənib, sosial tədbirlərə dövlət dəstəyi gücləndirilib, valyuta ehtiyatları artıb, iqtisadiyyata investisiya qoyuluşları yüksəlib, sahibkarlığa maliyyə dəstəyi artırılıb və sosial infrastrukturun yenidən qurulması və digər proqramların uğurlu icrası davam etdirilib. Hər bir ölkə vətəndaşının mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatlar kursunun uğurla davam etdirilməsi Azərbaycanın sürətli inkişafını təmin edib.

R.Göyüşov qeyd edib ki, dəqiq hədəflərə hesablanmış siyasi xəttin yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirilməsi bugünkü uğurlarımızı şərtləndirmişdir. Ölkə başçısı cəmiyyət qarşısında verdiyi vədlərə sadiqliyini əməli işi ilə sübuta yetirərək formalaşdırdığı işlək mexanizmlər əsasında ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur. İqtisadi inkişafı stimullaşdıran perspektivli layihələrin reallaşdırılması istiqamətində ardıcıl addımların atılması əldə edilən müsbət nəticələrdəndir. Azərbaycanı yerləşdiyi regionda böyük nüfuz sahibinə çevirən qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması aparılan iqtisadi siyasətin düzgünlüyünü təsdiq edir.

R.Göyüşov diqqətə çatdırıb ki, 2019-cu il Prezidentimiz tərəfindən həyata keçirilən uğurlu struktur və kadr islahatları ilə yadda qaldı. İdarəetmədə səmərəliliyi artırmaq məqsədilə islahatlar bu sahəni də əhatə etdi. Dövlət başçısı tərəfindən qarşıya qoyulan iqtisadi, sosial məsələlərə nail olmaq məqsədilə idarəetmə sahəsində də yeni yanaşmanın tətbiqi vacib sayılırdı. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Azərbaycan həm regionda, həm də beynəlxalq müstəvidə öz yeri, rolu və xüsusi çəkisi olan ölkədir. Respublikamızın beynəlxalq təşkilatlarda da nüfuzu çox yüksəkdir. Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edir və bu, ölkəmizin çox mühüm diplomatik nailiyyətidir.

Ramiz Göyüşov xüsusi olaraq diqqətə çatdırıb ki, 2020-ci ilin Azərbaycanda “Könüllülər ili”nin elan edilməsi ilk növbədə Azərbaycan Prezidentinin gənclərə verdiyi önəmi bir daha diqqətə çatdırır. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu, ondan irəli gəlir ki, cənab Prezident gənclərə malik olduqları bilik və bacarıq potensialları müqabilində bütün sahələrdə geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını əsirgəmir. Bu baxımdan hazırkı mərhələdə gənclər siyasətinin əsasını məhz ölkəmizin davamlı inkişafı prosesində gənclərin imkanlarından səmərəli istifadə edilməsi üçün hər cür şəraitin yaradılması təşkil edir. Hazırda dövlət gənclər siyasətinin bəhrəsi olan, bilik və bacarıqları ilə özünə etimad qazanmış gənc millət vəkillərimiz var. Ölkədə keçirilən bələdiyyə seçkilərində xeyli sayda gənc qələbə qazandı. Azərbaycan gənci XXI əsrin tələblərinə uyğun olaraq beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil edir.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”