23 iyul 2019 20:20
1964

Ramiz Hüseynov: Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasət yürüdür

Bu gün ölkəmiz özünün sürətli  inkişaf dövrünü yaşayır. İqtisadi məkanda böyük uğurlar əldə olunur. Təbii ki, bu uğurların təməlində ölkədəki ictimai-siyasi sabitlik dayanır. Əgər ölkədə ictimai-siyasi sabitlik təmin olunmasa heç bir uğura nail olmaq və hədəfə çatmaq mümkün deyil.

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov İkisahil.TV-yə müsahibəsində bildirdi ki,  Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasət yeridir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Ölkəmizin liderliyi ilə reallaşdırılan geostrateji əhəmiyyətli layihələr beynəlxalq əməkdaşlığın dərinləşməsinə əhəmiyyətli töhfədir. Bununla yanaşı, ölkəmiz dünyada sabitlik adası kimi tanınır.  Ona görə də paytaxt Bakı bir çox tədbirlər, görüşlər üçün məkan kimi seçilir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə Toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Bu fakt Azərbaycanın beynəlxalq humanitar əməkdaşlığa önəm verməsinin bariz nümunəsidir. Azərbaycan dövlətinin apardığı və xalq tərəfindən birmənalı dəstəklənən düzgün və ardıcıl siyasət nəticəsində Azərbaycan dünya birliyi tərəfindən etibarlı tərəfdaş və dost ölkə kimi qəbul edilir.

Ramiz Hüseynov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində yaradılan münbit şərait ölkəmizdə  iş adamlarının səmərəli fəaliyyəti üçün də böyük imkanlar yaradıb. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı tədbirlər, geniş infrastruktur layihələri- Ələt Azad Ticarət Zonasının yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Trans-Anadolu (TANAP) qaz kəmərinin istifadəyə verilməsi, Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Cənub Qaz Dəhlizi layihəsinin reallaşması ölkəmizə xarici investisiyanın cəlb edilməsinə xüsusi təkan verib. Son 16 ildə müstəqil Azərbaycanın bütün istiqamətlərdə inkişafı respublikamızı güclü dayaqlara malik olan və milli maraqları qətiyyətlə qoruyan  dövlətə çevirib.

R.Hüseynov diqqətə çatdırdı ki, Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır. Azərbaycan həm də kosmos ölkələri sırasındadır ki, bu uğura da hər bir dövlət nail ola bilməyib. Hər bir ölkənin inkişafını göstərən əyani faktorlardan birini də beynəlxalq təşkilatların hesabatları, dəyərləndirmələri təşkil edir. Məhz dünya ictimaiyyəti tərəfindən ciddi qəbul edilən beynəlxalq təşkilatların hazırladıqları hesabatlara əsasən, Azərbaycan dünya miqyasında inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə öncül yerlərdə qərarlaşır.

Ramiz Hüseynov xüsusi olaraq vurğuladı ki, bugünkü inkişaf edən Azərbaycan hər bir azərbaycanlının qorumalı olduğu sərvətdir. Şübhəsiz ki, Azərbaycanın inkişafından narahat olan qüvvələr də yox deyil. Onlar ölkəmizin əldə etdiyi uğurları həzm edə bilmirlər. Əlbəttə, antimilli mövqedə duran bu satqın qaragüruh dəstələr daxildə və xaricdə Azərbaycanın əleyhinə qarayaxma kampaniyası aparırlar. Ermənipərəst qüvvələr və erməni lobbisi tərəfindən xaricdən ölkəmizə qarşı  qarayaxma kampaniyası vaxtaşırı olaraq aparılır. Bu proses bu gün də davam edir. Məsələnin  kökündə isə beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi fikir yaratmaq, ölkəmizi iştirakçısı olduğu mühüm beynəlxalq  layihələrdən təcrid etmək, ən əsası isə qazanılan uğurlara kölgə salmaqdır. Xaricdəki bəlli dairələr məqsədlərinə çatmaq üçün müxtəlif çirkin metodlardan, o cümlədən xaricdə yaşayan bəzi üzdəniraq mühacir azərbaycanlılardan da istifadə etməyə çalışırlar. Ancaq təcrübə göstərir ki, onların səyləri əbəsdir. Çünki onları ölkəmizin daxilində dəstəkləmirlər. Ümumiyyətlə, beynəlxalq aləmi kiminsə Azərbaycan haqqında çirkin fikirləri deyil, real vəziyyət maraqlandırır. Buna görə də ermənipərəst qüvvələrin antiazərbaycan kampaniyasının heç bir nəticəsi yoxdur, ola da bilməz.

Şəmsiyyə Əliqızı, “İki sahil”