27 sentyabr 2020 18:50
828

Razi Nurullayev: Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir

Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan heç bir təxribata əl atmamışdır: «Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir.»

Bu fikirləri «İki sahil» qəzetinə açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib.

R.Nurullayev qeyd edib ki, bu, bizim haqq mübarizəmizdir və bütün beynəlxalq hüquq bizim tərəfimizdədir. Tam haqqımızdır ki, işğal altında olan torpaqlarımızı ermənilərdən və terrorçulardan azad edək. Unutmayaq ki, ermənilər bütün bu baş verənlərdən kifayətlənməyərək Liviyadan və digər münaqişыыə bölgələrindən erməni əsilli terrorçuları Azərbaycanın tarixi torpaqlarına, həmçinin qədim şəhərimiz Şuşaya yerləşdirirlər. Biz buna qətiyyən dözə bilmərik. Bu, təhqirlərə son verilməlidir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. Bütün xalq Ali Baş Komandanın ətrafında birləşib. Biz Ordumuza güvənirik, ehtiyatda olan yüz minlərlə zabit və əsgərimiz var. Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir. Bu, hər şeydən əvvəl, Prezident İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində həyata keçirdiyi siyasətə birmənalı dəstəkdir, düşmənə qarşı ümumi mövqedir.

Şəmsiyyə Əliqızı,
"İki sahil"