10 sentyabr 2019 10:48
192

ReAl - “Milli Şura” qarşıdurması: Gültəkin hələ susur...

Son vaxtlar radikal  müxalifət düşərgəsinin demək olar ki, bütün qütblərində kəskin qarşıdurmalar yaşanır. Belə qarşıdurmalardan biri də artıq neçə müddətdir ki, ReAL Partiyası və “Milli Şura” arasında davam edir.  Realçı funksioner Natiq Cəfərlinin sosial şəbəkələrdə nümayiş etdirilən canlı yayımlara qatılaraq ənənəvi müxalifət rəhbərliyini kəskin şəkildə ittihamlara məruz qoyması  həm “Milli Şura”nı, həm də bu qurumu idarə edən AXCP-ni hiddətləndirib.

Söyüş və təhqirlər həddini aşıb. Bütün bunlara görə ReAL Partiyasının rəhbərliyi hədəfə alınıb. Eyni zamanda, ReAl-çıları hakimiyyətə işləməkdə, xəyanət etməkdə suçlayan qarşı tərəfin iddidlarına dərhal reaksiya verilib. Yəni cərəyan edən olaylarla bağlı Natiq Cəfərli “Facebook” vasitəsilə onu və partiyasını söyənləri cavabsız qoymayıb. O bildirib ki, “Milli Şura” ona və ReAl-a qarşı qarayaxma, çamuratma kampaniyasını pik həddə çatdırıb: “Beyini olub, fikri, düşüncəsi olmayan bir qrup adam -sayları 100-ü keçmir, sadəcə hər birinin də 4-5 saxta profili var- küy yaradaraq fikir formalaşdırmağa çalışırlar. Və bu kampaniya birbaşa “Milli Şura” rəhbərliyinə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və yönləndirilir. Həmin siyasi düşüncə tərzinin iyirmi beş il daşıyıcısı olanlar  eyni kampaniyanı ya öz təşkilatlarının içində, ya da digər siyasi partiyalara qarşı aparıblar. Öz partiyalarından hökumət tərəfə keçib deputat, məmur olanları görəndə kompleksə düşürlər, fərqli düşünən görəndə sanki havalanırlar, ağılları-bilikləri yoxdur -deyə ancaq satqın söhbəti salırlar”.

ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli ümumiyyətlə, “Milli Şura” və AXCP rəhbərliyinin hər zaman onların fikirlərini bölüşməyənləri düşmən elan etdiklərini xatırladıb və xüsusilə, 2013-cü ildə İsa Qəmbərin başqanlığı zamanı Müsavat Partiyasının “Milli Şura”nı tərk etməsini yada salıb: “Musavat Partiyası 2013-cü ildə “Milli Şura”dan çıxanda eyni kampaniyanı onlara qarşı da apardılar,”- deyə qeyd edən ReAL  funksioneri daha bir məqama da toxunaraq bildirib ki, zaman keçdikcə bir çox siyasi partiyalar “Milli Şura”-AXCP cütlüyündən imtina edib, bu fakt isə həmin təşkilatların zəifləməsi ilə nəticəsini tapıb: “...Hamını gözdən salıb ortada tək qalsalar, zatən zəif durumları daha pis vəziyyətə düşəcək, məhv olacaqlar...Bu, o qədər aydın məntiqdir ki, anlamırlarsa, deməli, beyinləri yoxdur”.

Yeri gəlmişkən, Natiq Cəfərli ona qarşı sosial şəbəkələrdə status yazan Gültəkin Hacıbəylini hədəfə almağı da unutmayıb. “Bir əldə iki qarpız” tutmağa çalışan Hacıbəylinin riyakarlığına aid  fikirlər səsləndirib. Onun sözlərinə görə, Gültəkin Hacıbəyli hətta bir zamanlar ReAL-a üzv də yazılmaq istəyibmiş və bunu debata çıxarsa, sübut etməyə hazırdır: “Ona son şans vermək istəyirəm - özü seçdiyi istənilən jurnalistlə birgə canlı yayımda debat edək, bütün daşları ətəyindən töksün, jurnalist istənilən sualı versin, mən isə ondan bir zaman nədən ReAl-a gəlmək istədiyini, nə cavab aldığımı soruşacam. Cavab gözləyirəm”. Bu dəvətə cavab verməyən  Gültəkin isə mübhəm sükut içərisində hələ də susur... Görəsən o niyə susur...?

Vəli İlyasov,

“İki sahil”