09 sentyabr 2019 11:48
193

ReAl Partiyasından “Milli Şura” və AXCP-yə sərt ittiham

“Siyasət budursa, tüpürüm belə yalan və pafos üzərində qurulmuş siyasətə”...

Xarici anti-Azərbaycan qüvvələrlə işbirliyində olan, milli maraq və mənafelərə ziddi əməlləri ilə özlərini ifşa edərək cəmiyyətdən təcrid olunan dağıdıcı müxalifət düşərgəsində gərginlik gündən-günə artmaqdadır. Bu düşərgənin irəli  gedənlərindən olan AXCP və “Milli Şura”nın təmsilçiləri mühacir müxalifətlə işbirliyinə girərək bütün etik-əxlaqi, milli-mənəvi dəyərlərə zidd olaraq  erməni lobbisinin və Azərbaycan əleyhdarlarının çirkli pulları ilə onların sifarişlərini yerinə yetirərək ölkəmizə qarşı çirkin qarayaxma kampaniyası aparırlar. Anti-Azərbaycan qüvvələrlə işbirliyində olan bu marginalların əsas məqsədi ölkəmizin beynəlxalq aləmdə nüfuzuna zərbə vurmaq, cəmiyyətdə bir inamsızlıq və çaşqınlıq yaratmaq, sabitliyi pozmaqdır. Bu düşərgənin başbilənlərindən olan AXCP sədri Əli Kərimlinin, “Mİlli Şura”nın rəhbəri Cəmil Həsənlinin, onların züy tutanlarından olan Gültəkin Hacıbəylinin, Tofiq Yaqublunun və azsaylı yandaşlarının sosial şəbəkələrdəki antimilli çıxışları hər dəfə cəmiyyətin kəskin etirazı ilə qarşılanır. Təbii ki, bütün bunlar bu merkantillərin əsəblərini tarıma çəkir və onların saga-sola nifrət, kin-küdurət püskürməsinə səbəb olur.

Belə olan halda nə etməli? Təbii ki, gündəmi dəyişmək üçün yeni “taktika”dan istifadə etmək, necə deyərlər, “kapitan”ın idarəçiliyi ilə gəminin rotasını bir az başqa sahilə çevirmək lazımdır. Bax buna görə də  siyasi səhnədən silinib getsə də, hələ də özlərinin mövcudluğunu sübut etməyə çalışan dağıdıcı müxalifətin təmsilçiləri gündəmdə qalmaq üçün müxtəlif vasitələrdən istifadə edərək hər tərəfə çamur atır, hətta bir vaxtlar qohum-əqrəba mitinqlərində çiyin-çiyinə dayandıqları şəxslərə, siyasi partiyalara və onların təmsilçilərinə qarşı sosial şəbəkələrdə əks-təbliğat aparırlar. Şübhəsiz, bütün bunlar qarşı tərəfin kəskin reaksiyasına səbəb olduğundan  AXCP və “Milli Şura” ilə həmin şəxslər, siyasi partiyalar və onların təmsilçiləri arasında onsuz da mövcud olan gərginliyi daha da artırır. Hazırda “Milli Şura” ilə ReAL Partiyası arasındakı getdikcə güclənən gərginlik bunun əyani təsdiqidir. Bu düşərgədə təmsil olunan partiyaların biri-birinə olan münasibəti demək olar ki, düşmənçilik müstəvisinə  keçib.

Bu günlərdə ReAl-ın icraçı katibi Natiq Cəfərli “Facebook”da yazdığı statusunda “Milli Şura” və bu qurumda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının ona və ReAl-a qarşı qarayaxma kampaniyası apardığını bəyan edib. N.Cəfərli qeyd edib ki, kampaniya “Milli Şura” rəhbərliyinə daxil olan şəxslər tərəfindən xüsusi olaraq qızışdırılır: “Fikri olub, beyni olmayan bir qrup adam (sayları 100-ü keçmir, sadəcə, hər birinin də 4-5 saxta profili var) küy yaradaraq fikir formalaşdırmağa çalışırlar. Bu kampaniya birbaşa MŞ rəhbərliyinə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və yönləndirilir. Həmin siyasi düşüncə tərzinin 25 ildir daşıyıcısı olanlar zaman-zaman eyni kampaniyanı ya öz təşkilatlarının içində olanlara, ya da digər siyasi partiyalara qarşı aparıblar. Öz partiyalarından hökumət tərəfə keçib deputat, məmur olan onlarla adam var deyə kompleksə düşüblər, fərqli düşünən görəndə sanki havalanırlar, ağılları-bilikləri yoxdur, ancaq satqın söhbəti salırlar. Müsavat Partiyası 2013-cü ildə MŞ-dən çıxanda eyni kampaniyanı onlara qarşı da apardılar”.

Daha sonra N.Cəfərli “Milli Şura”ya üzv olan şəxsləri beyinsiz adlandırıb: “25 ildir xalqı dolayanların, aldadanların ritorikası ilə danışım - Gəlirik, Tikdəyik, Az qaldı, Hakimiyyət çökür, Hamısı qaçmağa hazırlaşır - beləmi danışım?! Mən belə məsuliyyətsiz və populist ola bilmirəm. Siyasət budursa, tüpürüm belə yalan və pafos üzərində qurulmuş siyasətə”.

Bundan başqa ReAL-ın icra katibi N.Cəfərli bu çirkin kampaniyada xüsusi fəallıq nümayiş etdirən “Milli Şura”nın üzvü Gültəkin Hacıbəylini canlı debata çağırıb: “Kimin hansı mövqedə olduğunu, kimin tez-tez mövqe dəyişdiyini xalq görür və buna xalq qərar verəcək, Gültəkin xanım yox. Ona son şans vermək istəyirəm - özü seçdiyi istənilən jurnalistlə birgə canlı yayımda debat edək, bütün daşları ətəyindən töksün, jurnalist istənilən sualı versin, mən isə ondan bir zaman nədən ReAl-a gəlmək istədiyini, nə cavab aldığımı soruşacağam. Cavab gözləyirəm”.

Əslində bu sərt ittihamlara görə “Milli Şura”nın üzvü Gültəkin Hacıbəylidən cavabı təkcə Natiq Cəfərli deyil, çoxları gözləyir. Görək cavab necə olacaq? Çox maraqlıdır...

Zahid Rza,

“İki sahil”