15 fevral 2019 10:29
671

Regional inkişaf və beynəlxalq əməkdaşlıq illəri

Bakıda ənənəvi keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı ötən bir ildə enerji sektorunda əldə olunan uğurların təqdimatı olacaq

Fevralın 20-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçiriləcək. Ənənəvi keçirilən toplantı ötən bir ilin təhlilini bir zərurət kimi ortaya qoymaqla yanaşı, onların fonunda qarşıdakı ildə görüləcək işlərin müəyyənləşdirilməsinə geniş imkan açır. Azərbaycanın bugünkü uğurlarının təməlində dayanan “Əsrin müqaviləsi” 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasına yol açdısa, 2018-ci ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi kimi mühüm hadisələr enerji tariximizə yazıldı.

Xəzər Beynəlxalq Neft və Qaz Sərgisinin XXV yubileyinə təsadüf edən “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimində “4 il bundan əvvəl bu ərazidə “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, düşünülmüş siyasət uğurlu inkişafın əsas amilləridir.

1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə dünya iqtisadi sisteminə inteqrasiyanı sürətləndirən, davamlı iqtisadi inkişafa malik olan Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası nəticəsində dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi nüfuz qazandı. Reallaşan və reallaşmaqda olan layihələr ölkəmizin bu mövqeyini daha da möhkəmləndirir. Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə, ekspert rəylərində  Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanması önə çəkilir, əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə davamlı töhfələri təqdir olunur. Dövlətimizin qətiyyəti, siyasi iradəsi sayəsində reallığa çevrilən hər bir layihə növbəti layihələrin müjdəçisi kimi dəyərləndirir.

Ötən il Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında cənab İlham Əliyev səylərin birləşdirilməsinin uğurlara yol açan əsas amillərdən olduğunu önə çəkən keçilən yolu belə şərh etmişdir: “2012-ci il faktiki olaraq, “Şahdəniz-2”yə əsas investisiyalara qapı açdı. Çünki bundan sonra - 2013-cü ildə “Şahdəniz-2”yə investisiya yatırmaqla bağlı qərar qəbul olundu. TANAP olmadan bu, mümkün olmazdı. 2013-cü il Trans-Adriatik kəmərinin TANAP layihəsinin davamı kimi seçildiyi il oldu. Beləliklə, bu, görülən işlərin qısa tarixçəsidir. Əlbəttə, bu tarixçə onu göstərir ki, biz 20 ildən çoxdur “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi istiqamətində irəliləyirik. Bu 20 il uğur, nailiyyətlər, inkişaf, transformasiya və regional əməkdaşlıq illəri olub.”

Azərbaycanla əməkdaşlıq təkcə region, qitə deyil, bütövlükdə dünya dövlətləri üçün  əhəmiyyətlidir. Ötən ildə dövlətimizin başçısı İlham Əliyevin Avropa ölkələrinə səfəri çərçivəsində keçirdiyi görüşlərdə, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” adlı sənəddə ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin dünyanın enerji təhlükəsizliyinin təminatında oynadığı rol əsas diqqət göstərilən məsələ olmaqla yanaşı, bu sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğu xüsusi qeyd olunmuşdur. Ölkə Prezidenti İlham Əliyev bildirir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir. Dövlətimizin başçısı bu mühüm məqamı da xüsusi qeyd edir ki, əgər təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün “Cənub Qaz Dəhlizi” haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik.

Dörd layihədən - “Şahdəniz”, Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP-dan ibarət “Cənub Qaz Dəhlizi”  ölkəmizə əlavə siyasi, iqtisadi, maliyyə imkanları yaradacaq, zəngin qaz resurslarımızın dünya bazarlarına bundan sonra onilliklər ərzində ixrac edilməsini təmin edəcək, valyuta axını artacaq, dayanıqlı inkişafımız daha da möhkəmlənəcək.

SOCAR-ın sərmayə yatırdığı ən böyük layihələrdən biri də TANAP-dır. Ölkəmizin təşəbbüsü ilə başlanan TANAP layihəsi Azərbaycan qazının müxtəlif ölkələrə nəql olunmasını təmin edəcək. “Enerjinin İpək Yolu” adlandırılan TANAP, eyni zamanda, qardaşlığın daha da möhkəmlənməsinə qoyulan sərmayə kimi dəyərləndirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TANAP ortaq baxışımızın ən son bəhrəsidir” söyləməklə yanaşı, perspektivə işıq salan bu məqamı da açıqlamışdır ki, TANAP həmçinin qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəçisidir.

Ötən il “Star Rafineri”nin açılışı da Azərbaycan və Türkiyənin qətiyyətinin və siyasi iradəsinin nəticəsi olaraq gerçəkləşən layihələrin davamlılığına işıq saldı. Zavodun açılışı enerji sahəsində iki dost ölkənin həmrəyliyini gücləndirmək üçün uzun müddət görülən işlərin ən mühüm və konkret örnəklərindən biri kimi dəyərləndirildi. “Dünyanın ticarət müharibələri və böhranlarla sarsıldığı bir dövrdə bir-bir açılışını etdiyimiz bu layihələrin ölkələrimizi həm ayrılıqda öz qayələrinə, həm də ortaq hədəflərinə yaxınlaşdırdığına inanıram. Hər şeydən əvvəl 6,3 milyard dollarlıq bir sərmayə - “Star” neft emalı zavod söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu inamı da ifadə etmişdir: “Son 30 ildə həyata keçirilən ən böyük real sektor sərmayəsi olan “Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft müəssisələrindən biri olaraq, inşallah, uğurla fəaliyyət göstərəcək.

“Star Rafineri”nin yaradılması üçün Azərbaycanın 6,3 milyard dollar yatırım etdiyi vurğulanarkən, bu rəqəm də açıqlanır ki, növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcək. Bu, Azərbaycanın xaricə qoyduğu ən böyük vəsaitdir. “Star”ın Türkiyənin ən böyük enerji layihəsi olduğunu da nəzərə alsaq, neft məhsulları idxalında hər il 1,5 milyard dollar məbləğində qənaət edilməsi, neft məhsullarında xaricdən asılılığın azalması hədəflənir.

Zavodun istifadəyə verilməsi digər enerji layihələri kimi bölgədə təhlükəsizliyin, sabitliyin təminatına da böyük töhfədir. Türkiyə Prezidenti açılış mərasimində bu çağırışı etmişdir: “Dostluğa, həmrəyliyə, birlikdə qazanmağa istiqamətlənmiş hər bir təklifə açıq olduğumuzu burdan bir daha bildirmək istəyirəm. Hazırda açılışını etdiyimiz müəssisə məhz bu faydalı əməkdaşlığın ən gözəl nümunəsidir. Hamını belə əməkdaşlığa dəvət edirik.”

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısından ötən bir ildə görülən işlərə, əldə olunan uğurlara qısa baxış bir daha dövlətimizin başçısı İlham Əliyevin bu fikirlərinin reallıqda öz əksini tapdığını təsdiqləyir: “Biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq”.

Dövlətimizin başçısı çıxışlarında daim diqqəti bu məsələyə də yönəldir ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətlərimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, müstəqil dövlət qurmuşuq.

Neft siyasətinin uğurlu nəticəsidir ki, bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan uğurlar beynəlxalq səviyyədə də təqdir olunur. Azərbaycanda son 15 ildə yoxsulluq səviyyəsi təxminən 49 faizdən 5 faizə enib. İşsizlik də 5 faiz səviyyəsindədir. Bu onu göstərir ki, neft kapitalı insan kapitalına çevrilib. Neft-qaz gəlirlərindən əldə olunan gəlirlərin cəmiyyətdə bərabər, ədalətli şəkildə bölünməsi hərtərəfli inkişafa yol açan mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirib. Davos İqtisadi Forumunun hesablamalarına əsasən inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir. Ölkəmizin reytinq cədvəlində birincilər sırasında yer alması iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasına, inkişaf strategiyasının düzgün müəyyənləşdirilməsinə bir daha işıq salır.

Yeganə Əliyeva, “İki sahil”