18 iyul 2019 19:54
1829

Regional Mətbəx Festivalı turizmin inkişafına töhfə verəcək

İyulun 27-28-də Quba şəhərində Regional Mətbəx Festivalı keçiriləcək. Mədəniyyət Nazirliyinin, Dövlət Turizm Agentliyinin və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba Destinasiya Menecmenti Təşkilatı və Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılğı və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə Nizami parkında təşkil olunacaq festival iki gün davam edəcək. Festivalda yerli və regional icma nümayəndələrinin, region istehsalçılarının və turizm sahəsi peşəkarlarının məhsulları da nümayiş olunacaq.

Quba Destinasiya Menecmenti Təşkilatının direktoru Heybət Vəliyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, belə bir tədbirin Qubada təşkil olunması heç də təsadüfi deyil: “Çünki Quba və Qusar rayonları ölkəmizin şimal bölgəsinə gələn turistlər üçün ən populyar səyahət istiqamətidir. Onu da deyim ki, Quba-Xınalıq turizm marşrutu, dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı Qəsəbə, Qəçrəş meşəsi, öz unikallığı ilə seçilən Xınalıq kəndi, “Şahdağ” Qış-Yay Turizm Kompleksi regionda turistlərin ən çox üz tutduqları istirahət məkanlarıdır. Rayonun paytaxta məsafə baxımından yaxın region olması da turist axınında böyük rol oynayır. Müşahidələrimə əsasən deyə bilərəm ki, qonaqlar Qubanın təbiətini, istirahət məkanlarını, eləcə də mətbəxini çox bəyəndiklərini söyləyirlər. Hətta onlar Qubanın məşhur paxlavası və almasının ləzzətindən doymadıqlarını belə bildirirlər”.

Müsahibimiz elə bu kimi səbəblərdən Regional Mətbəx Festivalını ziyarət edənlərin sayının çox olacağını əminliklə söylədi: “Hazırda bölgəmizi ziyarət edən əcnəbilərin sayı kifayət qədərdir. Bu isə o deməkdir ki, onların festivalımıza təşrif buyuracaqları gözləniləndir. Onu da deyim ki, xarici, eləcə də yerli turistlərin festivala cəlb edilməsi istiqamətində müəyyən tədbirlər də həyata keçirilir. Bir sözlə, təxmini hesablamalara görə, festivala 10 mindən çox insanın təşrif buyuracağı gözlənilir. Yeri gəlmişkən, qeyd edim ki, son illərin statistik göstəricilərinə görə, turizm ölkəmizdə daim inkişaf edən sektorlardan biridir. Belə ki, Azərbaycanda turizm sektorunda xidmət göstərən sahibkarlıq subyektlərinin və turist kimi gələn xarici ölkə vətəndaşlarının sayında da artım müşahidə edilir”.

Festivalda Quba-Xaçmaz iqtisadi rayonunda yerləşən rayonların zəngin milli mətbəxi ilə yanaşı, digər bölgələrimizin də mədəniyyət nümunələrinin sərgilənəcəyini vurğulayan H.Vəliyev bildirdi ki, festivalda yerli və regional icma nümayəndələrinin, region istehsalçılarının, eləcə də turizm sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların məhsul və xidmətləri qonaqlara təqdim olunacaq: “Həmin məhsullar “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı stendlərdə satış məqsədilə nümayiş etdiriləcək. Bundan əlavə, qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçiriləcəyi “Əsas səhnə” zonası, həmçinin qida, iaşə və məhsul istehsalı sahəsində çalışan mütəxəssislər üçün təlim məqsədli “Master-klasslar” ərazisi xidmət göstərəcək. Uşaqlar üçün isə əyləncə parkı qurulacaq. İki gün ərzində milli musiqi nümunələri, rəqslər, tanınmış müğənnilərin ifaları, müxtəlif tamaşalar, uşaqlar üçün proqramlar qonaqların xidmətində olacaq. Şübhəsiz, bu festival və bundan sonra təşkil olunacaq digər tədbirlər Qubanın, eləcə də Qusarın turizm inkişafına öz yeni töhfəsini verəcək”. Müsahibimiz, həmçinin vurğuladı ki, Destinasiya Menecmenti təşkilatları regionların turizm potensialından daha effektiv istifadə etmək, regional turizmin təbliğatını aparmaq, bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə təşkil olunan yeni idarəetmə modelidir. Bunu pilot layihə də hesab etmək olar. Qeyd edək ki, təşkilatımız cari ilin fevral ayında Quba Turizm İnformasiya Mərkəzinin strukturu əsasında formalaşıb. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu nəzdində fəaliyyət göstərən təşkilatımız Quba və Qusar rayonlarında turizmin inkişafı, təşviqi və idarə olunması, eləcə də yerli səviyyədə dövlət sektoru, özəl sector, əhali arasında əlaqələrin qurulması, insan resurslarının inkişaf etdirilməsi və standartların hazırlanmasına xidmət edir. Qeyd edim ki, Regional Mətbəx Festivalı təşkilatçılıq etdiyimiz ilk genişmiqyaslı tədbirdir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”