01 iyul 2020 10:28
233

Regional səviyyəni aşan qlobal təşəbbüs

Azərbaycan hər zaman özünün təşəbbüskarlığı və beynəlxalq əməkdaşlığa verdiyi töhfə ilə seçilib. Günümüzdə də dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir ərəfədə ölkəmiz eyni missiya, eyni təşəbbüskarlıqla diqqət çəkir. Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm töhfəsini verir. Azərbaycan Prezidenti, Türk dilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans  formatında keçirilən Zirvə görüşü COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq və regional əməkdaşlığa ilk çağırış oldu. 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin aparıcı beynəlxalq təşkilatların rəhbərlərinin Prezident İlham Əliyevin təşəbbüsünə dəstək vermələri və onların Zirvə görüşündə iştirakları, eyni zamanda, respublikamızın və onun liderinin nüfuzunun nə qədər yüksək olduğunu bir daha göstərdi. Zirvə görüşündə bu qədər ölkənin iştirakı, BMT-nin Baş katibinin belə bir görüşə görə ölkə başçısına təşəkkürü Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsinin və uğurlu siyasətinin nəticəsidir. Eyni zamanda, qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmuş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.

Azərbaycan bir daha təsdiq etdi ki, quruma sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir. Həmçinin bu beynəlxalq tədbirin gerçəkləşməsi ilə bütün dünyada Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə fəal rol oynaması təsdiqini tapdı. Ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizəyə bilavasitə Prezident İlham Əliyevin şəxsən nəzarət etməsi, eləcə də birinci xanım Mehriban Əliyevanın bu prosesə əvəzsiz dəstək verməsi nümayiş olundu. Bunun ardınca Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü təşkil edildi. İstər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşü, istərsə də Qoşulmama Hərəkatının videokonfransı dünya miqyasında ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhfəsi kimi dəyərləndirildi.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərinin ardınca BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə məqsədilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün irəli sürülməsi Azərbaycanın növbəti uğurudur. Təsadüfi deyil ki, artıq BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsü dəstəklənib. Bu təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir və beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın, hörmətin növbəti göstəricisi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin yeni təklifini dəstəkləyən ölkələr tərəfindən BMT Baş katibinə ünvanlanan məktublarda dövlətimizin başçısının Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülən və çox böyük ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Eyni zamanda, belə bir ideyanın gerçəkləşməsi COVID-19-a qarşı mübarizədə yeni metod və üsulların tapılması ilə əlaqədar səyləri birləşdirməklə problemin mümkün həlli istiqamətlərinə də öz töhfəsini verə biləcəyinə  əminlik ifadə edilir. Çünki bu gün beynəlxalq aləmin, o cümlədən ölkəmizin tezliklə bu təhlükəli virusa qarşı effektiv bir vasitənin tapılmasına ehtiyacı var. Xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək.

Nigar Orucova,

“İki sahil”