11 avqust 2020 18:24
1474

Regionlarda infrastruktur modernləşir

Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin başlıca istiqamətlərindən biri də regionların tarazlı və yüksək sürətlə inkişafıdır.  Bu inkişafda yol infrastrukturunun modernləşməsi xüsusi rol oynayır. Azərbaycanın regionlarında, xüsusilə paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan infrastrukturun önəmini nəzərə alan dövlətimizin başçısı İlham Əliyev bu sahəni daim diqqət mərkəzində saxlayıb.

Son illər respublikamızın bütün şəhər, rayon və kəndlərində yol tikintisinə çox milyardlıq investisiyalar qoyulub. Təsadüfi deyildir ki, Davos İqtisadi Forumunun hesablamalarına görə, ölkəmiz bu sahədə dünyada 34-cü yerdədir və insan həyatının keyfiyyət meyarları arasında yol infrastrukturunun xüsusi çəkisi vardır. Bu gün Azərbaycanda dövlət büdcəsi hesabına ən müasir yol infrastrukturu qurulur və irimiqyaslı layihələr icra olunur. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə uzanan müasir yollar, ümumilikdə, ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin etməklə yanaşı, regionların sosial-iqtisadi inkişafına da təsir göstərir. Azərbaycan Prezidentinin Sərəncam və göstərişlərinə əsasən, ölkəmizin hər yerində - paytaxtımızda, eləcə də regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına ayrılan diqqətin nəticəsidir ki, avtomobil yol şəbəkəsi genişlənir, infrastruktur təzələnir və müasirləşir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq, müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Dövlət başçısının yol infrastrukturuna xüsusi diqqət ayırmasının nəticəsidir ki, bu gün respublikanın ən ucqar kəndlərinə belə müasir, beynəlxalq standartlara cavab verən yollar çəkilib. Ümumilikdə, əhalinin rahat gediş-gəlişinin təmin olunması istiqamətində böyük layihələr reallaşdırılır. Məhz bu minvalla kənd təsərrüfatının, turizmin və sənayenin inkişafını hədəfləyən yol infrastruktur layihələri icra edilir. Bu layihələrdən biri də Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolda yenidənqurma işləri davam etdirilir. Qeyd edək ki, Cibir–Həzrə–Mucuq–Sudur marşrutu üzrə 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 km-dir. Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir.

Layihəyə uyğun olaraq, yolun 36 km-i asfalt-beton, 10 km-i isə çınqıl örtüklü olmaqla 3 istiqamət üzrə yenidən qurulur. Bu 34.4 km uzunluğa malik ( 24.4 km asfalt-beton, 10 km çınqıl örtük olmaqla) Sudur kəndi, 3.8 km uzunluğunda Cibir kəndi və 5.8 km-lik Mucuq kəndi istiqamətləridir. Bu çərçivədə Cibir və Mucuq kəndləri istiqamətində 9.6 km uzunluğa malik yollar artıq yenidən qurulub.

Layihəyə uyğun olaraq yolun dağlıq ərazidən keçən hissəsində qaya süxurlarının xüsusi təyinatlı mexanizmlə kəsərək torpaq yatağı genişləndirilərək inşa olunur, ardınca yol əsası karxana çınqılı və optimal-çınqıl qarışığı ilə tikilir. Daha sonra asfaltlanma işlərinə başlanılacaq və yola 2 laydan ibarət asfalt beton və çınqıl örtük döşənəcək. Ümumilikdə 140 min kv.m-dən çox sahənin asfaltlanması, 100 min kv.m sahənin isə optimal-çınqıl qarışığı ilə örtülməsi nəzərdə tutulub.

Yol boyu avtoqreyderlə 36 min p/metr küvetlərin açılmasına, mövcud suötürücü borular sınmış və çökərək yararsız vəziyyətə düşdüyündən, yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac yaranıb. Bu səbəbdən müxtəlif diametrlərə malik 612 p/metr uzunluğunda metal suötürücü boru quraşdırılması da layihə üzrə aparılır.

Layihənin sonunda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müvafiq üfüqi nişanlanma xətlərinin çəkilməsi, yol nişanlarının və siqnal dirəklərinin, həmçinin təhlükəli yerlərdə beton sədlərin quraşdırılması nəzərdə tutulur. Bundan başqa vətəndaşlar üçün kənd ərazilərində 9 yerdə avtobus dayanacaqları tikiləcək.

Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, 8 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Nigar Orucova, “İki sahil”