13 dekabr 2019 11:28
1911

Regionların sosial-iqtisadi inkişafı: Görülən işlər və qarşıda duran vəzifələr

Müasirləşən, daim inkişaf edən kənd və qəsəbələr... Bəli, bugünkü Azərbaycanın reallıqları fonunda regionların sosial-iqtisadi inkişafı xüsusi yer tutur. Gözəl ölkəmizi kəndbəkənd dolaşdıqca bu mənzərənin daha yaxından şahidi olur insan. Çəkilən yeni yollar, tikilən evlər, müxtəlif təyinatlı obyektlər, infrastruktur layihələri, o cümlədən qaz, su, işıq xətləri və daha nələr-nələr kənd və qəsəbələrin simasını dəyişməklə yanaşı, insanların həyat şəraitini daha da yaxşılaşdırır, ölkəmizin dəyərlərinə yeni dəyərlər qatır.

Dövlətimizin başçısı İlham Əliyevin Prezidentlik dövrünün ilk illərində regionların sosial-iqtisadi inkişafı xüsusi olaraq diqqət mərkəzində saxlanıldı və bu yöndə mühüm qərarlar qəbul edildi. Məhz 2004-cü ildən başlayaraq bu istiqamətdə Dövlət proqramları qəbul və uğurla icra edilməyə başlandı. Nəticə isə göz qabağındadır. 2004-cü ildə getdiyimiz hansısa rayonu, kəndi bu gün sözün yaxşı mənasında tanımaq mümkün deyil.

2004-2018-ci illər: ÜDM 3,3 dəfə artıb, 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb

15 ildən artıq bir dövr keçməsinə baxmayaraq regionların inkişafı daim diqqət mərkəzində saxlanılır.  Bunun bariz nümunəsi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib. Sənəddə qeyd edilir ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.

Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

Regionların inkişafından söz açanda qeyri-neft sektorunun inkişafı xüsusi olaraq vurğulanır. Bu ilin oktyabr ayında Azərbaycan Prezidenti yanında keçirilən iqtisadi müşavirədə dövlətimizin başçısı qeyd edib ki, sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub6 “Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik”.

Qeyri-neft sənayesi sahəsində yüksək göstəricilərin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, qeyri-neft sənayemiz 15 faizdən çox artıb: “Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.

Dövlətimizin başçısı qeyd edib ki, son illərdə kənd təsərrüfatına da böyük investisiyalar qoyulub. “Kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilmişdir. Mən, eyni zamanda, əvvəlki illərdə bir qədər təəccüblənirdim ki, nə üçün bu qədər investisiyaların müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3 faiz idi. Ancaq hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır.”

402 hektar fındıq bağı salınıb, 210 hektar sahədə tütün əkilib... 

Bu gün Azərbaycanın hansı regionuna, kənd və qəsəbəsinə getsək, gəzib dolaşsaq sürətli inkişafı, yeniliyi, müasirliyi öz gözlərimizlə müşahidə edə bilərik. Doğrudan da təbiətin gözəlliyindən doymaq olmur, bolluq və bərəkət isə öz yerində. Kənd əhalisinin əksəriyyəti təsərrüfatla məşğul olur. Bunun üçün dövlət kəndliyə lazım olan hər bir dəstəyi göstərir.

Oğuz Rayon İcra Hakimiyyətinin sektor müdiri Elşən Yunusovun verdiyi məlumata görə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, rayonda qeyri-neft sektorunun inkişafı davam etdirilir: “Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin inkişafı, istehsalın inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazası möhkəmləndirilir. Rayonun Bayan və Bucaq kəndlərində tikilmiş 2 müasir tipli tütün qurutma məntəqəsində 35 qurutma kamerası istifadəyə verilib. Yeni fındıq bağlarının salınması üçün sahələr müəyyən edilib. 402 hektar fındıq bağı əkilib. 300 qutu ipək qurdu toxumu gətirilərək kəndlər üzrə sahibkarlara paylanıb. 8,892 barama istehsal olunaraq Şəki İpək” ASC-yə təhvil verilib. 210 hektar sahədə tütün əkilib,  192.3 ton quru tütün istehsal edilib”.

Qeyd edək ki, yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisi, yenidən qurulması, əsaslı təmiri davam etdirilir. Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolunda təmir işləri davam edir. Layihə üzrə yolun uzunluğu 32 km təşkil edir. Yolun tikintisi yekunlaşmaq üzrədir. Rayon torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi davam etdirilir. Padar, Dəymədağlı, Bayan, Qumlaq, Yenikənd kəndlərində subartezian quyuları qazılıb.

Bununla yanaşı, təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlər davam etdirilir. Padar kənd tam orta məktəbinin əsaslı təmiri davam etdirilir. Digər məktəblərdə işə başlanılmayıb. Ötən dövrdə həmçinin rayonda 170 yeni iş açılıb, onlarda hamısı daimidir. Ailə kəndli və ev təsərrüfatlarında 35 yaşayış evi tikilib istifadəyə verilib.

Sahibkarlığın inkişafında yeni mərhələ...

E.Yunusovun sözlərinə görə, Oğuz rayonunda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq sahibkarlar üçün imkanlar yaradılması, investisiyaların  cəlb olunması sahəsində müəyyən işlər görülüb: “Sahibkarlığa, özəl sektorun inkişafına, bu sahədə qanunsuz müdaxilələrin qarşısının alınmasına xüsusi diqqət yetirilir. Respublikada, eləcə də Oğuz rayonunda sahibkarlığa göstərilən qayğı nəticəsində kənd təsərrüfatı məhsulları istehsalı və emalı, südlük və ətlik növ mal-qara yetişdirilməsi sahəsində işlər davam etdirilir. Mal-qara və quşların sayı artırılır, rayonda fərdi sahibkarlar tərəfindən yeni inkubasiya sexi quraşdırılmışdır. Oğuz ölkənin kənd təsərrüfatı rayonlarındandır. Rayonun iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı, təsərrüfatlarda kartof və tərəvəz məhsullarının istehsalı da artır.

Qeyd olunan inkişaf göstəriciləri statistik rəqəmlərdə dahsa aydın görünür. Sahibkarlar qeyd edirlər ki, rayonunun təsərrüfatlarında keçən ilin payızında 2019-cu ilin məhsulu üçün 16097 hektar dən və yaşıl yem üçün payızlıq taxıl səpilib. Dən üçün payızlıq taxılın 11969 hektarı buğda, 4118 hektarı arpa olub. Rayonun taxılçıları tərəfindən zəmilərin 16140 hektarı biçilib. Payızlıq taxılın hər hektarda məhsuldarlıq 31 sentnerdir. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 0,6 sentner çoxdur. O cümlədən buğdanın məhsuldarlığı 0,4 sentner artaraq 31,1 sentner, arpanın məhsuldarlığı 1,3 sentner artaraq, 30,8 sentner olub.

Hesabat dövründə texniki bitkilərdən ailə kəndli və ev təsərrüfatlarında 110 hektar tütün əkilib. 260 yaş ton tütün təhvil verilib. 344 hektar sahədə tərəvəz bitkiləri səpilib. Bu, keçən ilə nisbətən 14 hektar çoxdur. 636 hektar sahədə kartof, tərəvəz və ərzaq üçün bostan bitkiləri səpilib. Bu, keçən ilə  nisbətən 3 hektar çoxdur. Yazlıq dənlilərin əkin sahəsi 383 hektar olub. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 104 hektar çoxdur. Hesabat dövründə 327 hektar dən üçün qarğıdalı səpilib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 100 hektar çoxdur. Hesabat dövründə 120 kümdar tərəfindən 8891,93 kq barama istehsal edilib. Həmçinin 1263 ton ət, 7036 ton süd, 2633 min ədəd yumurta, 55 ton yun istehsal edilib. 7585 arı ailəsinə baxış keçirilib. Qeyd edək ki, Bakı şəhərində  keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında hər həftə və bayam günləri rayonun sahibkarları istehsal etdikləri məhsulları çıxarırlar.

Bu gün ölkəmizin bütün rayonlarına nəzər salsaq, eyni mənzərənin şahidi olarıq. Təbii ki, qarşıda həllivacib məsələlər dayanır. Şübhəsiz ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində daha uğurlu layihələrə imza atılacaq, bununla da regionların inkişafına böyük dəstək göstəriləcək.

Rəşad Bağırov, "İki sahil"