29 oktyabr 2020 12:04
1200

Rejissor sənətinə həsr olunan dəyərli əsər

Naxçıvanda teatrın keçdiyi inkişaf yolunu 50 ilə yaxındır ki, izləyən və tədqiq edən AMEA Naxçıvan Bölməsinin  İncəsənət, Dil və Ədəbiyyat İnstitutu musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Naxçıvan Teatrında rejissor sənəti” monoqrafiyası bu yaxınlarda çapdan çıxıb. İndiyə kimi 6 monoqrafiya, 2 kitab, 150-dən artıq elmi məqalənin və çoxsaylı qəzet məqalələrinin müəllifi olan Ə.Qəhrəmanov ömrünün 50 ilini Naxçıvanda teatrın yaranması və keçdiyi inkişaf yolunun tədqiqinə həsr etmiş, sözügedən monoqrafiyası ilə bu istiqamətdəki uğurlu fəaliyyətinə daha birini əlavə etmişdir. Monoqrafiya alimin illərlə çəkdiyi gərgin zəhmətinin nəticəsi kimi 137 yaşlı qədim sənət ocağında rejissor fəaliyyətinə yeni bir işıq salmış, burada fəaliyyət göstərən rejissorların yaradıcılıq yolları müxtəlif mərhələlər üzrə araşdırılmış, bu məqsədlə çoxsaylı mənbəyə müraciət olunmuşdur.

Əsərin elmi redaktorları AMEA-nın müxbir üzü, professor Əbülfəz Quliyev və mərhum professor Hüseyn Həşimli, rəyçiləri  filologiya üzrə fəlsəfə doktorları Firudin Rzayev və Elxan Məmmədov, ön sözün müəllifi isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovdur. “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində nəfis tərtibatla çap olunan monoqrafiya sənətşünaslarla yanaşı, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Monoqrafiyanın “Üçəsrlik teatrda rejissor fəaliyyətinə yeni bir işıq” adlı ön sözündə müəllifin teatr sahəsindəki uğurlu fəaliyyətinin əsas məqamlarına nəzər yetirən Ə.Qasımov indiyədək elmi şəkildə, kompleks halda, ətraflı tədqiq olunmayan bir mövzuya həsr olunan əsərin yüksək dəyərindən bəhs edərək yazır: “Bu yeni monoqrafiyasında alim XIX əsrin sonlarından günümüzədək bu sənət ocağında (Naxçıvan teatrında) müxtəlif janrlı tamaşalara quruluş vermiş ədiblər, müəllimlər, aktyorlar, daha sonralar isə peşəkar rejissorlardan bəhs edir”. Doğrudan da, giriş və 5 fəsildən ibarət olan əsərin hər fəslində Naxçıvan teatrında rejissor sənətinin keçdiyi inkişaf yolu mərhələlər üzrə qruplaşdırılmış, hər mərhələdə rejissorların fəaliyyəti ətraflı işıqlandırılmışdır.

“Giriş” də XIX yüzilliyin ortalarından Mirzə Fətli Axundovun simasında formalaşan maarifçilik ideyalarının qüvvətli bir ədəbi hərəkata çevrilərək, ictimai fikrin bütün sahələrini əhatə etməsi və teatr sənətinin  təşəkkülü və tərəqqisində də əhəmiyyətli rolu barədə məlumat verən müəllif bu inkişaf dalğasının Naxçıvandan da yan keçmədiyini, 1882-ci ildə Eynəli bəy Sultanovun rəhbərliyi ilə yaradılan “Ziyalılar cəmiyyəti”nin üzvlərinin 1883-cü ildə “Naxçıvan Müsəlman İncəsənəti və Dram Cəmiyyəti”ni yaratmaları və M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının tamaşaya qoyulması tarixinin bugünkü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının doğuluş günü olmasını diqqətə çatdırır. Yarandığı gündən ciddi təqiblərlə üzləşən, çarizmin müstəmləkəçilik siyasəti, ruhanilərin əks təbliğatı, xalq kütlələrinin avamlığı və başqa səbəblərdən gərgin mübarizələr zəminində inkişaf edən Naxçıvan teatrının bir sıra naxçıvanlı ziyalıların- Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Məhəmmədtağı Sidqi, Qurbanəli Şərifov, Paşa ağa Sultanov, Baxşəli ağa Şahtaxtlı və başqalarının dəstəyi ilə fəaliyyətini davam etdirməsi, eləcə də “El güzgüsü”, “İmdad”, “Ümid” kimi dram cəmiyyətlərinin yaradılması bu mübarizənin uğurlu nəticəsi kimi dəyərləndirilir. Naxçıvan Dövlət Dram Teatrı yaradılanda peşəkar rejissor çatışmazlığı məsələsinə diqqət çəkən alim yazır: “Naxçıvan Dövlət Dram Teatrı yaradılanda və bu kollektiv rəsmi fəaliyyətə başlayanda da onun peşəkar rejissorları yox idi. Bu ağırlığı ilk illərdə Həsən Səfərli, Səməd Mövləvi, İsa Musayev, Bakıdan dəvət olunmuş aktyorlar Kazım Ziya və Sidqi Ruhulla çəkirdilər. Tədricən teatra müxtəlif illərdə təhsil almış rejissorlar-Yusif Yulduz, Həsən Ağayev, Ağaəli Dadaşov və başqaları dəvət olunurlar”. Müəllif daha sonra İkinci Dünya müharibəsi illərində Naxçıvan teatrında İbrahim Həmzəyev, Səməd Mövləvi, İsa Musayevin, müharibədən sonrakı illərdə Ağaəli Dadaşov, Əyyub Hüseynov, Baxşı Qələndərlinin quruluşlarında nümayiş olunan tamaşalar haqqında məlumat vermiş, 1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bütün sahələrdə olduğu kimi teatrda da baş verən canlanma, yeni əsərlərin tamaşaya qoyulması, həmçinin 1982-ci ildə Cavid Poeziya Teatrının yaradılması kimi məqamlar işıqlandırılmışdır. Əsərdə qədim sənət ocağının müstəqillik illərindəki qaynar fəaliyyəti və yaradıcılıq uğurları daha geniş səpkidə araşdırılmış və qeyd olunmuşdur ki,  gənc rejissorlar Vaqif Əhmədov, Elçin Mirzəbəyli, Kamran Quliyev, Tofiq Seyidov, Həcərxanım Məmmədova və başqalarının quruluş verdikləri tamaşalar sayəsində Naxçıvan teatrı respublikanın sayılıb-seçilən sənət ocaqları sırasında özünəməxsusluğu ilə seçilə bilmişdir.

I fəsildə teatrın inkişafında rejissor sənətinin rolu məsələlərinə geniş yer ayıran müəllif 1883-1920-ci illərdə Naxçıvan teatrının formalaşması və inkişaf etməsində müstəsna xidmətləri olan Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Mirzə Sadıq Qulubəyov, Nəsrulla Şeyxov, Məhəmməd Tağı Sidqi, Əliqulu Qəmküsar, Əlməmməd Xəlilov, Böyükxan Naxçıvanski və Rza Təhmasibin bu istiqamətdəki yorulmaz və fədakar fəaliyyətləri haqqında geniş məlumat verilmişdir.

Naxçıvan teatrında rejissor sənətinin inkişafının 1921-1940-cı illərini əhatə edən II fəslində də qeyd olunduğu kimi, sovetləşmənin ilk illərində Naxçıvan ziyalılarının teatr həvəskarlarını “Ümid” dram cəmiyyətinin ətrafında toplamaları bu qədim sənət ocağının gələcək inkişaf və tərəqqisində  müstəsna rol oynamışdır. İlk illərdə teatrda peşəkar rejissorların olmaması səbəbindən bu vəzifəni yerli aktyorlardan Həsən Səfərli, Səməd Mövləvi, İsa Musayevin həyata keçirdiklərini qeyd edən müəllif teatrın peşəkar səviyyəsinin artırılması üçün 1924-cü ildə Kazım Ziyanın teatra baş rejissor təyin olunmasını əhəmiyyətli addım kimi dəyərləndirmiş və onun teatrda həyata keçirdiyi yenilikləri və nümayiş olunan tamaşaları ətraflı təhlil etmişdir. 1924-1940-cı illərdə Naxçıvan teatrında Həsən Səfərli (1923-1924;1925-1926), Kazım Ziya (1924), Səməd Mövləvi (1926-1931; 1933-1936; 1939-1941), Sidqi Ruhulla (1931-1933), Yusif Yulduz (1936-1937) və Həsən Ağayevin (1938-1939) baş rejissor kimi fəaliyyətləri, quruluş verdikləri tamaşalardan ətraflı bəhs olunmuş, həmçinin teatr sənətinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş aktyorların fəaliyyəti də ətraflı işıqlandırılmışdır.

1941-1945-ci illəri əhatə edən III fəsildə İkinci Dünya müharibəsinin başlamasının milli teatr sənətində də əhəmiyyətli dəyişikliklərlə yadda qaldığını, Naxçıvan teatrının da Vətənin çağrışı ilə işlərini müharibənin tələbləri əsasında qurduğunu qeyd edən Ə.Qəhrəmanov yazır: “Müharibənin ilk günlərindən ölkəni alman-faşist işğalçılarından təmizləmək üçün Naxçıvan teatrının aktyorlarından bir qismi-Rza Məmmədov, Mirələsgər Seyidov, Ağabala Məmmədov, Tələt Nəcəfov, Məmməd Cəfəov, Firudin Sultanov, Abbas Quliyev və başqaları əllərinə silah alıb cəbhəyə yollandı. Teatrın kollektivinin digər bir qismi isə ayrı-ayrı qruplarda qüvvə və bacarıqlarını arxa cəbhənin möhkəmləndirilməsinə aid mövzularda tamaşalar hazırlamağa, müsamirələr təşkil etməyə sərf edirdi”. Bu tamaşalara quruluş verən rejissorlar isə Səməd Mövləvi, İbrahim Həmzəyev, İsa Musayev, Məcid Zeynalov olmuşdur ki, onların həyat və fəaliyyəti monoqrafiyada geniş təhlil olunmuşdur.

IV fəsildə 1946-1990-cı illər ərzində teatrın fəaliyyəti və burada çalışan rejissorların-Ağaəli Dadaşov, İldırım Cabbarov, Baxşı Qələndərli, Nəsir Sadıqzadə, Vəli Babayev, Vaqif Əsədov, Əliqismət Lalayev, Əsgər Əsgərovun fəaliyyətləri geniş təhlil süzgəcindən keçirilmiş, müstəqillik illərində (1991-2020) fəaliyyət göstərən Kamran Quliyev, Rövşən Hüseynov, Yasəmən Ramazanova, Tofiq Seyidov kimi rejissorların Naxçıvan teatrının inkişafı və tərəqqisi sahəsindəki yorulmaz fəaliyyətləri isə V fəslin əsas tədqiqat obyektinə çevrilmişdir.  

Yekun olaraq qeyd edə bilərik ki, Ə.Qəhrəmanovun monoqrafiyası təkcə 1883-cü ildən bəri Naxçıvan teatrında fəaliyyət göstərən rejissorlar haqqında yazılmış əsər deyil, həm də Naxçıvan teatr tarixini kompleks şəkildə araşdıran dəyərli tədqiqatdır. Bu səbəbdən monoqrafiya sənətşünaslar, teatr tarixi ilə məşğul olanlar, həmçinin geniş oxucu kütləsi üçün dəyərli mənbə olacaqdır.

 Sahab Əliyeva

AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının direktoru