“Renault” mənsub olduğu eyniadlı konsernin şəxsən Fransa Prezidenti Emmanuel Makron tərəfindən namizədliyi irəli sürülmüş yeni rəhbəri Klotild Delbonun onun zavod komandası qismində Formula 1 çempionatında iştirakının əleyhinə olduğu xəbərlərini təkzib edib.
AZƏRTAC “F1 Only” nəşrinə istinadla xəbər verir ki, komandanın rəhbərliyi bu cür şayiələrin kollektivdə qeyri-sabitlik yaradılması üçün yayıldığını söyləyib. Əlavə edilib ki, 2020-ci ilin maşını üzərində işlər planauyğun şəkildə aparılır.
2019-cu il mövsümünün başa çatmasına iki mərhələ qalmış “Renault” 83 xalla Konstruktorlar Kubokunda beşinci yeri tutur. Komanda “McLaren”dən 38 xal geridə, “Racing Point”dan isə 18 xal irəlidədir.
Formula 1 çempionatının növbəti mərhələsi – Braziliya Qran-Prisi noyabrın 15-dən 17-dək keçiriləcək.