19 noyabr 2019 10:35
1010

Repetitorluq: Zərurət və ya...

Müasir dövrdə təhsil sistemində aktual  problemlərdən biri repetitorluqdur. Xüsusilə də abituriyentlərin repetitor vasitəsilə ali məktəblərə hazırlaşmasının adi və  bir o qədər də “vacib” hal kimi qəbul edilməsi bu məsələni daha da acınacaqlı edir.

Bəs mütəxəssislər repetitorluq haqqında nə düşünür?

Təhsil eksperti Kamran Əsədov mövzuyla bağlı qəzetimizə açıqlamasında bildirdi ki, hazırda çox sayda müəllimlər dərsdən əlavə repetitorluq fəaliyyəti ilə məşğul olurlar. Bu sahədə apardığımız araşdırmalar onu göstərir ki, hazırkı vəziyyətdə repetitorluq fəaliyyətinə zərurət yaranıb.

K.Əsədov vurğuladı ki, əslində, təhsilimiz Avropa standartlarına inteqrasiya etdikcə repetitorluq fəaliyyəti geniş yayılmağa başladı: “Yeni təhsil standartları, yeni öyrətmə metodunu ortaya gətirdi və repetitorluq fəaliyyəti belə təşəkkül tapmağa başladı. Məsələn, ali məktəbə daxil olmağı qarşısına məqsəd qoymuş şagirdin əlavə dərs çalışmalarına qatılmaması hazırkı şərtlərlə, demək olar ki, qeyri-real görünür. Burada test tapşırıqları, bəzi sinif müəllimlərinin belə həll edə bilmədiyi misallar, məsələlər, açıq suallar, məntiq və s. var”.

Ekspert elə hazırlıq kurslarının da repetitorluğun bir növü olduğunu bildirdi: “Son illərdə çoxlu sayda hazırlıq kursları fəaliyyətə başlayıb. Onların əksəriyyətində xarici dil kursları, ayrı-ayrı fənlər üzrə hazırlıq, hətta sırf qəbul, magistratura, dövlət qulluğu imtahanlarına hazırlıq aparanlar da var. Belə ki, daha çox qeyri-qənaətbəxş vəziyyət xarici dillərin tədrisi ilə bağlıdır. Etiraf edək ki, bir çox orta məktəblərdə xarici dilin, xüsusilə də ingilis dilinin tədrisi lazımi səviyyədə deyil. Ona görə də, şagirdlər məcbur olub əlavə vəsait hesabına xarici dili öyrənmək üçün hazırlığa - dil kurslarına gedirlər. Bu, bir az da xarici dili tədris edən bəzi müəllimlərin müasir tələblərə cavab verməməsi ilə əlaqədardır”.

Təhsil  məsələləri üzrə ekspert Nadir İsrafilov isə bu problemə müxtəlif rakurslardan nəzər yetirərək qeyd etdi ki, insanların öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmağı onların hüququdur: “Bu şərtlə ki, qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və repetitorluqla məşğul olan şəxs sahibkarlıq fəaliyyətinə başladığı günə qədər yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Repetitorluğun qayəsini ali məktəbə hazırlıq təşkil edir. Şagirdin nüfuzundan və reklamından asılı olaraq hansı repetitorun yanına getməsini, vəd olunan hazırlığın nə qədər müddətə başa çatacağını və digər məsələləri araşdırsaq, bunun valideyinə hansı məbləğə başa gələcəyini müəyyənləşdirmək o qədər də çətin deyil. Bu baxımdan, abituriyentin tələbə olması üçün ailəsinin nə qədər pul xərcləyəcəyi valideynlərinin öhdəsinə buraxılır.Başqa sözlə, dövlət və özəl universitetlərdə ödənişli ixtisaslar istisna olmaqla digər əlavə pullu təhsil xidmətləri valideynin arzu və istəyindən asılı olaraq könüllülük prinsipi əsasında həyata keçirilir. Yəni, hər hansı bir valideynin övladını repetitor yanına göndərməsi, müxtəlif profilli hazırlıq kurslarına, o cümlədən də xaricdə təhsil proqramlarına yönəltməsi onun öz seçimidir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, repetitorluğun “cavanlaşma” prosesi geniş miqyas alarsa, istənilən halda, ürəkaçan mənzərə olmayacaq: “Bu baxımdan da məktəblərdə təmayülləşmə prosesi ciddiləşdirilməli, dərs saatı hesabına repetitor yanına “gediş -gəlişə” nəzarət gücləndirilməli, 12 illik təhsilə keçid sürətlənməlidir.

Müəllimləri stimullaşdırmaq məqsədilə onların zəif oxuyan şagirdlərlə də əlavə (fərdi) məşğələlərinin ödənişli əsaslarla həyata keçirilməsi imkanları araşdırılmalıdır.”

Yaqut Ağaşahqızı, “İki sahil”