21 oktyabr 2019 19:54
1349

Rəqəmsallaşma prosesi dəmir yolları sektoruna necə təsir edəcək?

Müasir dövrdə nəqliyyatın idarə edilməsində rəqəmsal texnologiyaların tətbiqi və infrastrukturun elektronlaşdırılması dünya ölkələrinin qarşısında duran əsas çağırışlardandır.

Bəs, Azərbaycanın  dəmir yolları bu çağırışlara hansı  formada cavab verir?

“Azərbaycan Dəmir Yolları” QSC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi Davud Əliyev sözügedən məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından istifadə prosesi məlumatların daha dəqiqliyi, müştərilərin vaxtına qənaət edilməsi, ölkələrarası inteqrasiya nəticəsində məlumatların daha sürətli və dəqiq ötürülməsi, planlamanın düzgün və zamanında edilməsi, qatarların onlayn izlənilməsi və s. kimi funksionallığın əldə edilməsinə şərait yaradır: “Rəqəmsallaşmanın mövcudluğu və tətbiqi üçün buna uyğun infrastrukturun mövcud olması  əsas şərtdir. Buna görə də fiberoptik xətlərin dəmir yolu infrastrukturu boyunca çəkilməsi vacibdir. Bunun nəticəsində də dəmir yolunun daxili şəbəkəsi gücləndirilir ki, bu da proqram təminatı vasitələrindən istifadəni, proseslərin avtomatlaşdırılmasını mümkün edir. Əlavə olaraq, sərnişinlərin internetdən rahat istifadəsi və onlayn bilet satışının tətbiqi birbaşa müştəri məmnunluğunun artmasına da səbəb olan amillərdəndir. Belə ki, müştəri bilet satışı kassasına gəlmədən, istənilən yerdə və vaxtda biletlərlə bağlı məlumatları əldə edərək, istədiyi bileti ala bilər. Burada sərnişin vaxtına qənaət etməklə yanaşı, şəxsi kabinetinə daxil olub, daha öncədən etdiyi əməliyyatları və ödəniş tarixçəsini  də görə bilir. Bütün bunlarla yanaşı, kağız sərfiyyatına qənaət etməklə, həm də təbiəti də qorumuş oluruq.”

İnnovasiya texnologiyaları və prosesləri üzrə ekspert Şəbnəm Məmmədova isə qeyd etdi ki, nəqliyyatın rəqəmsallaşması və dəmiryol daşımalarında texnologiyaların tətbiqi nəqliyyat sektorunda aparıcı tendensiyalardan biridir: “ Bugünkü dünyamızda dəmir yolları daşımalarının rəqəmsal transformasiyası daşımaların çatdırılmasının sürətliliyinin, çevikliyinin və vaxt standartlarının təmin olunmasında əsas meyarlardan biri hesab olunur. Dəmiryol daşımalarında rəqəmsal transformasiya bir neçə mühüm elementi özündə ehtiva edir ki, bunlar qatarların idarəolunması, informasiya sistemi, naviqasiya təminatı, hərəkətlərin avtomatlaşdırılmış formada təşkilidir. Burada əsas rəqəmsallaşma göstəricilərindən biri qatarların hərəkətinin yoxlanılması və idarə olunması üzrə rəqəmsal texnologiyaların tətbiqi, transformasiya proseslərinin avtomatlaşdırılmasıdır. Transformasiya nəticəsində ləngimələr tənzimlənir, vaxtında daşıma əməliyyatları nəticəsində müştəri məmnunluğu və təşkilatın gəlirliliyi artır. Dəmir yollarının rəqəmsallaşması üzrə əsas göstəricilərdən biri müştərilərin 24/7 rejimində istənilən yerdən istədiyi xidmətə çıxış imkanının olmasıdır. Eyni zamanda, müştəri məlumatlarının qorunması məqsədilə nəqliyyatının təşkilində qabaqcıl rəqəmsal texnologiyalardan istifadə kibertəhlükəsizliyin yüksək səviyyədə təmin olunmasını və kibertəhlükələrdən qorunmanı tələb edir”.

Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Azər Allahverənov  isə rəqəmsallaşma prosesinin nəticə etibarilə Azərbaycan dəmir yollarında xidmət keyfiyyətinin, bununla da istehlakçı məmnunluğunun artırılmasına xidmət etdiyini vurğuladı: “Dəmir yollarında tətbiq edilən istənilən yeniliklərin texnoloji cəhətdən uğurlu icrası bilavasitə istehlakçılara göstərilən xidmətdə özünü göstərməlidir. Söhbət rəqəmsal idarəetmədən gedir ki, bu da bilavasitə yükdaşımalara şamil olunan bir məsələdir. Belə ki, bu gün ən vacib məsələ yüklər üzərində nəzarətin tətbiq edilməsidir. Yəni yükü göndərən, onun daşınmasını həyata keçirən və yükü qəbul edən tərəflər var. Bu zaman mütləq deyil ki, bu, hansısa dövlət olsun. Bu, bir neçə dövlətin daşıyıcı şirkətləri də ola bilər. Əgər bu yüklərin dəmir yolu vasitəsilə daşınma prosesi baş verirsə, onda təbii ki, bu zəncirdə olan bütün iştirakçılar maraqlıdırlar ki, yük üzərində nəzarəti təkmil şəkildə qura bilsinlər. Bu, ən azından bütün tərəflərin üzərinə götürdüyü öhdəliklərin vaxtında yerinə yetirilməsinə, işlərin planlaşdırılmasına şərait yaradır. Yəni daşınan yükün hansı yerdə və mərhələdə olduğunu real vaxt rejimində izləyə bilirlər. Bu da rəqəmsal texnologiyaların tətbiqi nəticəsində, o cümlədən naviqasiya sistemi ilə təchiz edilən Elektron kilidlərdən (Elektron plomb) istifadə etməklə mümkün olur.”

Ekspert əlavə edib ki, bu, eyni zamanda, sərnişin daşımalara da şamil edilən bir haldır: “Məsələn, ölkənin hüdudları daxilində və ya ondan kənarda hərəkətdə olan qatarda səyahət edən bir yaxınınız haqqında məlumat almaq üçün onunla mobil rabitə vasitəsilə əlaqə saxlamaq mütləq deyil. Telefona yüklənən xüsusi tətbiq vasitəsilə real vaxt rejimində həmin şəxsin hansı qatarda, marşrutun hansı hissəsində olması və təyinat ünvanına nə zaman çatacağı barədə detallı məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, bütün münasibətlərin istər biletlərin elektron satışı, istər dəmir yolu sahəsində göstərilən digər xidmətlərin yaxşılaşdırılması üçün nəzərdə tutulan hər hansı tətbiqlərin işə salınması vətəndaş məmnunluğunun təmin olunması ilə nəticələnməlidir. Bu zaman xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm mənbə hesab olunan xidməti təqdim edən qurumla istehlakçılar arasında vahid platforma üzərində effektiv əks əlaqə (feedback) sisteminin qurulması mühüm əhəmiyyət kəsb edir. Zənnimcə, rəqəmsallaşma səviyyəsinin artırılması dəmir yollarında iş prosesini optimallaşdırılmağa, vəsaitlərə və zamana qənaət etməyə, dəmir yolu infrastrukturunun rəqabət üstünlüklərini və ötürücülük qabiliyyətini artırmağa təkan verir.”

Yaqut Ağaşahqızı, “İki sahil”