28 yanvar 2019 20:04
216

Rəsmi Bakı Avropa təşkilatlarına etiraz etdi

Ermənistanda həbs olunan siyasi partiyanın rəhbəri Mher Yegiazaryan 52 günlük aclıq aksiyasından sonra vəfat edib. Bir qədər öncə Azərbaycanda Mehman Hüseynovun aclıq aksiyası ilə əlaqədar əsassız şəkildə səs-küy qaldıran insan hüquqları carçıları, indiki halda nədənsə biganə qalırlar.

Bu barədə indiyədək nə müvafiq Avropa institutları, nə də digər beynəlxalq insan hüquqları müdafiəçiləri tərəfindən hər hansı bəyanatlar verilməyib, təcili dinləmələr keçirilməyib. 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, 26 yanvar tarixində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərəfindən həbs edilən və Yerevanın “Nubaraşen” cinayət cəzaçəkmə müəssisəsində saxlanılan məsul jurnalist, “Erməni qartallar – vahid Ermənistan” siyasi partiyasının sədr müavini Mher Yegiazaryan bir ay yarım keçirdiyi aclıq aksiyasından sonra vəfat edib. Bir müddət öncə Mehman Hüseynovun halında aclıq aksiyasını dayandırdığı bir halda əsassız iddialarla çıxış edən AP, ATƏT, Avropa Şurasının insan hüquqları üzrə məsul rəsmiləri və bəzi dövlətlər Ermənistanın halında aclıq akasiyası nəticəsində ölüm halı ilə bağlı susurlar. 

L.Abdullayevanın sözlərinə görə, ağlasığmaz bir haldır ki, Avropa ölkələrinin diplomatları M.Hüseynovla görüşüb onun səhhətinin normal olduğunu şəxsən gördükləri bir halda və Avropa Komissarının onun aclıq aksiyasını dayandırdığını qeyd etdiyi bir halda AvropaParlamenti bu məsələ ilə bağlı qətnamə qəbul edib: 

""Washington Post" qəzetində bu məsələ ilə bağlı qısa müddət ərzində iki məqalə dərc edildi, maraqlıdır bu qəzet Mher Yegiazaryanın ölümü ilə bağlı məqalə dərc edəcəkmi? 

Bütün bunlar əlbəttə ki, Azərbaycana qarşı həyata keçirilən ikili standartlardan xəbər verir. 

Bu hal bir daha ölkəmizə qarşı saxta təbliğata və məlumatlara əsaslanan kampaniyanın həyata keçirildiyini göstərir. Aydındır ki, bu kampaniyanın əsl məqsədi Azərbaycana qarşı siyasi təzyiq göstərmək cəhdi olmuşdur. İnsan hüquqları universaldır və bölünməz xarakter daşıyır və bu məsələni siyasiləşdirərək onu siyasi təzyiq alətinə çevirmək istəyənlər əslində elə insan hüquqları dəyərinə xələl gətirmiş olurlar".