15 iyul 2020 15:36
928

Rəssam Ruslan Mirzəyev: Kütləvi aksiyalardan, dəfn mərasimlərində iştirakdan çəkinmək lazımdır

“Vətəndaşlarımız daha məsuliyyətli davranmaqla, karantin rejiminə riayət etməklə, sabitliyi və təhlükəsizliyi qorumaqla həm xəstəliklə mübarizəyə, həm də hərbçilərimizin öz xidmətlərini yüksək səviyyədə yerinə yetirmələrinə mühüm töhfələrini  vermiş olacaqlar”

 

“Azərbaycan dövləti hazırda həm Ermənistan, həm də COVID-19 pandemiyası ilə mübarizə aparır. Sözsüz ki, dövlətimiz bu mübarizəni olduqca uğurla aparılır. Biz bu uğurlu mübarizəni son günlərin statistikasında da görə bilərik. Belə ki, son günlərdə  Azərbaycanda COVID-19 statistikasına əsasən virusdan sağalanların sayı ilə yoluxanların sayı arasında kəskin azalma müşahidə edilir.” Bu fikirləri Azərbaycan Rəssamlar İttifaqının üzvü Ruslan Mirzəyev qəzetimizə açıqlamasında bildirdi.

Onun sözlərinə görə, hətta iyulun 13-də sağalma sayı yoluxma sayını keçib: “Lakin COVİD-19 pandemiyasının hələ məhdudlaşmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda kütləvi aksiyaların keçirilməsi, minlərlə insanın bu aksiyalara qoşulması virusun daha geniş yayılması və insanların həyatını təhlükə qarşısına qoyması üçün əlverişli şərait yaratdı. İyulun 14-də keçirilən aksiyada distansiyanın gözlənməməsi, maskalardan istifadə olunmaması, insanlar arasında sıx təmaslar adi hal oldu. Azərbaycan dövləti hər zaman öz vətəndaşının sağlamlığını düşünüb. Vətəndaşların kütləvi şəkildə həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara toplaşması və onların yaxınlarını ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan kütləvilik virusun yayım sürətini daha da artırır. Bir müddət sonra biz bu kütləviliyin acı nəticələrini görəcəyik və yaşıyacağıq. Böyük ehtimal ki, yoluxma dinamikasında artım müşahidə olunacaq”.

R.Mirzəyev qeyd etdi ki, insanların kütləvi şəkildə dəfn mərasimlərində iştirakı və həmin yerlərdə hərbçilərlə, zabitlərlə sıx təmasları ordu üçün də ciddi təhlükə yaradır: “Bütün bunlara yol verməmək üçün insanlarımız kütləvi aksiyalardan, ziyarətlərdən, dəfn mərasimlərində iştirakdan çəkinməlidir. Vətəndaşlarımız daha məsuliyyətli davranmaqla, karantin rejiminə riayət etməklə, sabitliyi və təhlükəsizliyi qorumaqla həm xəstəliklə mübarizəyə, həm də milli ordumuzun, hərbçilərimizin öz xidmətlərini yüksək səviyyədə yerinə yetirmələrinə mühüm töhfələrini  vermiş olacaqlar. Son iki günün hadisələrindən sonra onsuz da virusun yayılması daha ciddi şəkil alacaq, kütləvi aksiyalarda maskasız və sosial məsafəsiz iştirak edənlərin bir-birinə xəstəliyi yoluxdurması qaçılmazdır. Ona görə də dövlətimizə erməni canilərinə və koronavirusa qarşı mübarizədən başqa cəbhə açmaq böyük milli faciəyə gətirib çıxara bilər. Özümüzü və Milli Ordumuzu pandemiyadan qoruyaq”!

Cavid Əkbərov, “İki sahil”