19 sentyabr 2020 13:50
879

Rövnəq Abdullayev: Qlobal enerji təhlükəsizliyində Azərbaycanın payını artırmaq strateji hədəflərdən biridir

Respublikanın neftə, qaza, emal və kimya məhsullarına olan daxili tələbatını tam təmin etməklə, regional və qlobal enerji təhlükəsizliyində Azərbaycanın payını durmadan artırmaq həmişə olduğu kimi, başlıca strateji hədəflərimizdən biridir.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev qeyd edib ki, bu gün bütün dünyada üstünlük bərpaolunan enerjiyə verilir və bu istiqamətdə gedən transformasiya prosesləri dəstəklənir. Bu kursun perspektivi nəzərə alınaraq, gələcək illərdə aşağı karbon emissiyalı biznesin, sirkulyar iqtisadiyyatın və ekoloji cəhətdən daha təmiz əməliyyatların stimullaşdırılmasını qarşıya vacib məqsədlər kimi qoymuşuq: “İnanırıq ki, “SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası” bizi bu məqsədlərə daha da yaxınlaşdıracaq və nəticə etibarilə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına mühüm töhfə verəcək. Azərbaycanın qlobal brendi olan SOCAR artıq aparıcı enerji şirkətləri ilə bir sırada dayanır. Odur ki, Sənaye 4.0 çağırışları istiqamətində aparılan islahatların davam etdirilməsi və intensivləşdirilməsi zərurəti bu gün daha aktualdır. Rəqəmsal texnologiyalar iri müəssisələrdə fəaliyyətin optimallaşması üçün imkanları genişləndirir, iqtisadi səmərəliliyi, ekoloji effektivliyi və əməyin təhlükəsizliyini dəfələrlə artırır”.