19 sentyabr 2020 13:59
868

Rövnəq Abdullayev: Rəqəmsal yol xəritəsi hazırlanıb

SOCAR-da mütləq tələblərdən biri tikinti-quraşdırma və yenidənqurma işlərinin mütərəqqi texnoloji səviyyədə həll edilməsidir

Pandemiya şəraitinə baxmayaraq, SOCAR-da mütləq tələblərdən biri tikinti-quraşdırma və yenidənqurma işlərinin ən mütərəqqi texnoloji səviyyədə həll edilməsidir.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Şirkətin prezidenti bildirib ki, SOCAR-ın Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən müəssisələrində vahid konsepsiya əsasında yüksək texnologiyaların tətbiqi üzrə rəqəmsal yol xəritəsi hazırlanıb və uğurla icra olunmaqdadır. Yol xəritəsi fəaliyyət istiqamətlərimizi bütövlükdə əhatə edir. Pandemiya şəraitinə baxmayaraq, Heydər Əliyev adına neft emalı zavodunun və “Azərikimya” İstehsalat Birliyinin qrafikə uyğun olaraq davam etdirilən modernizasiya prosesləri çərçivəsində həyata keçirilən layihələrə verilən mütləq tələblərdən biri də tikinti-quraşdırma və yenidənqurma işlərinin ən mütərəqqi texnoloji səviyyədə həll edilməsidir.

“Qlobal enerji bazarında xam neftin qiymətində baş verən kəskin dalğalanmalar, rəqəmsal texnologiya və süni intellekt sistemlərinin tətbiqi, geosiyasi amillər, maye təbii qaz (LNG) və sıxılmış təbii qaz (CNG) ticarətinin həcminin artması, neft və qaz məhsullarına tələbatın azalmasına təsir edən qeyri-iqtisadi amillər, yaşıl texnologiyaların və alternativ enerji istehsalının aktuallaşması fonunda yeni baxış və yanaşmalara ehtiyac bu gün həmişəkindən daha böyükdür. Bu, həm də yeni reallıqlara uyğun olaraq uzunmüddətli perspektivdə neft-qaz sənayesində proqnozlaşdırılan dəyişikliklərlə əlaqədardır”, - deyə o əlavə edib.