03 iyul 2019 18:53
1132

Rumıniyada “SOCAR” brendi ilə 43-cü YDM istifadəyə verilib

Rumıniyada investisiya layihələrini uğurla həyata keçirən SOCAR bu ölkənin iri şəhərlərində ilbəil yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsini genişləndirməkdə davam edir. Rumıniyada “SOCAR” brendi ilə sayca 43-cü YDM-in açılışı olub.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, ölkənin şimali-qərb regionunda, Macarıstan və Ukrayna istiqamətindəki avtomagistrallar üzərində yerləşən yeni məntəqə bu regionda müştərilərin ixtiyarına verilən sayca ilk YDM-dir. Məntəqədə 3 sayğac və elektriklə işləyən elektromobillər üçün şarj quraşdırılıb. Burada 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşını eyni anda benzin və dizel yanacaqları ilə təmin ediləcək. YDM ərazisindəki "Nar" kafedə müştərilərə yerli və Azərbaycan məhsulları təqdim olunur.

Prezident İlham Əliyevin “Made in Azerbaijan” brendinin təbliği istiqamətindəki siyasətinə uyğun olaraq bütün məntəqələrdə Azərbaycan guşəsi yaradılıb və YDM-də ölkəmizdən gətirilən məhsulların satışı həyata keçirilməkdədir.

Xatırladaq ki, SOCAR Rumıniyanın artıq 20 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Argeş, Bistritsa-Nasaud, Hunedoara, Sibiu, Buxarest, Braşov və Satu Maredə yanacaqdoldurma məntəqəsinə malikdir.