04 dekabr 2019 20:20
135

Rusiya-Azərbaycan münasibətlərinin dinamik inkişafı-işğalçı Ermənistanın qorxulu yuxusu kimi...

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Bakıya  səfəri  Ermənistan mətbuatının əsas xəbər başlıqlarındandır. İşğalçı ölkənin mediası Rusiya XİN rəhbərinin Bakıda keçirdiyi görüşlərdə səsləndirilən fikirlərin az qala cümlə-cümlə təhlili ilə məşğuldur.

Ermənistanın “armenianreport” saytı da sözügedən səfərlə bağlı silsilə yazılar yayımlayır. Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrovun görüşdən sonra birgə mətbuat konfransında səslənən fikirlər isə Ermənistan mətbuatında xüsusilə qıcıq doğurub. Yazı müəllifləri son dövrlərdə bərbad durumda olan Rusiya-Ermənistan əlaqələrini xatırladaraq, bunun tam əksinə Azərbaycanla Rusiyanın münasibətlərinin strateji müstəviyə qalxdığını qısqanclıq hissilə vurğulayıblar.

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcminin  2,5 milyard dolları keçdiyini, bu ilin sonunadək bu rəqəmin 3 milyard dollara çatacağının hədəfləndiyini qeyd edən yazı müəllifi Azərbaycanın  Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olduğunu yazaraq Ermənistanın səfil durumunu da xatırlatmağı yaddan çıxarmayıb: “ Azərbaycanın Rusiyaya qoyduğu investisiya 1,2 milyard dolları keçib, Rusiya isə Azərbaycana 4,9 milyard dollar investisiya yatırıb. Ermənistan isə öz başıboş rəhbərliyi ucbatından Rusiyanı həm böyük qardaş, həm də strateji müttəfiq kimi itirməkdədir. Azərbaycanla Rusiya arasında hazırda humanitar, mədəniyyət, turizm, təhsil, iqtisadi sahədə yüksək səviyyəli əlaqələr mövcuddur. Amma Ermənistan üçün xüsusilə təhlükəli olan budur ki, Rusiya XİN rəhbəri görüşdə  qeyd edib ki, hərbi-texniki sahədə əməkdaşlıq Moskva ilə Bakı arasında strateji tərəfdaşlığın ən vacib sahələrindəndir və bu əməkdaşlıq beynəlxalq qanunvericiliyə uyğun inkişaf edir. Xatırladaq ki, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bizimlə müttəfii olan Rusiyanın XİN rəhbəri deyib”.

Erməni şərhçi Rusiya- Azərbaycan münasibətlərinin son dövrlərdə yüksələn xətlə inkişafını hiddətlə önə çəkərək respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Moskvaya səfərinin də uğurlu nəticələri haqqında qəzəblə söz açıb: “Azərbaycan xarici siyasətdə inanılmaz uğurlar qazanmağa davam edir. Həm də bu dinamika  Ermənistanın regionda təcrid olunması fonunda inkişaf edir. Lavrov bildirib ki, Rusiya həmsədr qismində Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərəcək və nəticələrin olacağına ümidvar olduğunu deyib. Sergey Lavrov, həmçinin rəsmi Moskvanın Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislavada keçiriləcək görüşündən nəticə gözlədiyini də dilə gətirib. Rusiya bunu deməklə yanaşı, Azərbaycana durmadan müasir silah tədarük edir. Belə çıxır ki, Rusiya sözdə Ermənistanın müttəfiqidir, əməldə isə Azərbaycanla hərbi-strateji partnyordur”.

Şərhçi, həmçinin yazısında  aprel döyüşlərini də xatırladaraq  mümkün müharibə ehtimalında Rusiyanın Azərbaycanı dəstəkləyəcəyindən dərin narahatlığını ifadə edib.

Görünən budur ki, işğalçı Ermənistan bütün sferalarda Azərbaycan qarşısında məğlub olduğunu etiraf etməyə məcburdur.  Azərbaycanın dinamik və hərtərəfli  inkişafı fonunda Ermənistanın  tragikomik siyasi və səfil iqtisadi durumu qarşısında işğalçı ölkə rəhbərliyinin paranoyak isterikası başadüşüləndir. Çənbər getdikcə daraldığı üçün Ermənistanın isterik çabalamalarının artıq heç bir effektivliyi qalmayıb. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Ermənistanın hazırkı təcrid situasiyasından və səfillikdən qurtulması üçün yeganə çıxış yolu  işğal etdiyi torpaqlarımızı azad etməkdir. Əks -təqdirdə işğalçının müharibə və digər məsələlərlə bağlı bütün xofu qorxulu yuxular kimi gerçəkləşəcək...

Sevinc Abdullayeva, “İki sahil”