04 noyabr 2019 15:26
104

Rusiya Federasiyasında Xalq Birliyi Günü qeyd olunur

Noyabrın 4-ü Rusiya Federasiyasında Xalq Birliyi Günü kimi qeyd olunur. Xalq Birliyi Günü 1612-ci ildə Moskvanın yadelli işğalçılardan azad olunması şərəfinə 2005-ci ildə təsis edilib.

AZƏRTAC xəbər verir ki, bayram münasibətilə bu gün Rusiyanın bir çox regionlarında dövlətçiliyin tarixinə, ölkə xalqlarının adət-ənənələrinə həsr olunmuş nümayişlər, mitinqlər, konsertlər keçirilir, teatrlaşdırılmış səhnəciklər göstərilir.

Xalq Birliyi Günü sovet hakimiyyəti illərində SSRİ məkanında noyabrın 7-də qeyd olunan Oktyabr inqilabının qələbəsi gününü əvəz edib. Rusiya tarixçiləri 1584-cü ildə çar İvan Qroznının ölümündən sonra və 1613-cü ildə Romanovlar sülaləsi taxt-taca qalxanadək olan dövrü “çətinliklər dövrü” kimi səciyyələndirirlər. Təxminən 30 il ərzində vahid Moskva dövləti parçalanıb və Polşa knyazlarının nəzarəti altına keçmişdi. 1612-ci ildə Novqorod knyazı Dmitri Pojarskinin və onun köməkçisi Kuzma Mininin rəhbərliyi ilə xalq qoşunları Moskvanı azad ediblər.