24 iyun 2020 15:06
274

Rusiya ictimaiyyəti: Faşist Njdenin qəhrəmanlaşdırılması cəhdlərinin qarşısı alınmalıdır - FOTO

Vladimir şəhərinin rəhbərləri Vermaxtın erməni legionunu yaradanlardan birinin boş qəbirinin sökülməsini xahiş ediblər.

AZƏRTAC “Rosbalt.ru” saytına istinadla xəbər verir ki, “Stopfaşizm” vətəndaş təşəbbüsü Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Parad ərəfəsində Vladimir şəhəri meriyasına müraciət edib. Müraciətdə Vladimir mərkəzi həbsxanasının qəbiristanlığında nasistlərlə əməkdaşlıq etmiş Qaregin Njdenin (Ter-Arutyunyan) boş məzarını oradan götürmək təklif olunur.

Bu təşəbbüs iyunun 19-da “Rosbalt” informasiya agentliyində “Müasir Rusiyada müharibə haqqında xatirə və xatirə müharibələri” mövzusunda onlayn-konfransın yekunlarına əsasən irəli sürülüb. Konfransda RF Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Dmitri Novikov, xarici siyasət və müdafiə siyasəti üzrə şuranın üzvü, ehtiyatda olan Federal Təhlükəsizlik Xidməti general-mayoru Aleksandr Mixaylov, habelə “Stopfaşizm” vətəndaş təşəbbüsünün üzvləri – Moskva hökuməti yanında millətlər məsələləri üzrə şuranın millətlərarası əlaqələrin inkişafı komissiyasının sədri Qalli Monastıryova, İzborski klubunun Vladimir regional bölməsinin sədri Dimitri Saqal, ukraynalı jurnalist və politoloq Vladimir Tsxvediani iştirak ediblər.

Onlayn-konfransda Rusiya ərazisində faşizmin və nasistlərin əlaltılarının qəhrəmanlaşdırılması cəhdlərinin qarşısını almaq üzrə praktiki addımlar nəzərdən keçirilib. Bu məqsədlə 2016-cı ildə Sankt-Peterburqda general Mannergeymin şərəfinə xatirə lövhəsinin və 2019-cu ildə Armavirdə Qarejin Njdenin (Ter-Arutyunyan) xatirə lövhəsinin sökülməsi zamanı ictimaiyyətin cəlb olunması təcrübəsindən istifadə etmək tövsiyə olunub.

Konfrans iştirakçıları Prezident Vladimir Putinin “Böyük Qələbənin 75 illiyi: tarix və gələcək qarşısında ümumi məsuliyyət” sərlövhəli məqaləsində qeyd olunan bir fikri dəstəkləyiblər. Məqalədə deyilir: “Bu gün bizim mövqeyimiz dəyişməz qalır: nasistlərin əlaltılarının cinayətkar əməllərinə bəraət qazandırıla bilməz, belə cinayətlərin müddəti yoxdur. Buna görə də bəzi ölkələrdə nasistlərlə əməkdaşlıq edərək özlərini ləkələmiş insanların birdən-birə İkinci Dünya müharibəsi veteranlarına bərabər tutulması təəccüb doğurur... Nasistlərin əlaltılarının qəhrəmanlaşdırılmasını isə yalnız bizim ata və babalarımızın xatirəsinə xəyanət, nasizmə qarşı mübarizədə xalqları birləşdirən ideallara xəyanət hesab edə bilərəm”.

Konfrans iştirakçıları qeyd ediblər ki, RF Konstitusiyasına tarixi həqiqətin müdafiəsinin təmin olunması barədə düzəliş təklif edildiyi bir vaxtda nasistlərin xatirəsinin əbədiləşdirilməsi və onların əlaltılarının qəhrəmanlaşdırılması prosesini Rusiyanın özünün ərazisinə keçirmək cəhdləri müşahidə olunur.

RF Dövlət Dumasının deputatı Dmitri Novikov faşizmin qəhrəmanlaşdırılması cəhdlərinin qarşısının alınması üçün ictimai təşəbbüslərdən nümunə götürməyə çağırıb. D.Novikov xüsusi vurğulayıb ki, Böyük Vətən müharibəsi tarixini saxtalaşdırmaq və faşizmin əlaltılarını təmizə çıxarmaq cəhdlərini qadağan edən yeni qanunvericilik aktları lazımdır, Böyük Vətən müharibəsi tarixinin saxtalaşdırlması üzrə genişmiqyaslı kampaniya şəraitində bu vəziyyəti qanunvericilik yolu ilə daha ciddi nizamlamaq lazımdır.

“Stopfaşizm” vətəndaş təşəbbüsünün üzvləri tərəfindən imzalanmış müraciətdə qeyd edilir ki, Vladimir mərkəzi həbsxanasının qəbiristanlığında Qaregin Njdenin boş qəbiri bir neçə ildir ki, qondarma “xatirə tədbirləri” təşkil edilən yerə çevrilib, bu tədbirlərdə şəhərin və Rusiyanın erməni diasporunun nümayəndələri iştirak edir.

Njde Vladimirə necə gedib çıxmışdı?

Vermaxtın erməni legionunun təşkilatçılarından biri olmuş Njde Böyük Vətən müharibəsinin sonunda Bolqarıstan ərazisində sovet kəşfiyyatı tərəfindən yaxalandı. İstintaq zamanı o, SS funksionerləri ilə əməkdaşlıq etməsini boynuna aldı. İstintaq müəyyən etdi ki, Njde tərəfindən erməni legionuna cəlb edilmiş hərbi əsirlər və mühacirətçi erməni gənclər arasında yüzlərlə təxribatçı SSRİ ərazisində hərbi cinayətlərdə, o cümlədən almanlar tərəfindən işğal edilmiş Krımın yəhudi əhalisinə qarşı cəza reydlərində iştirak ediblər.

Ukraynalı jurnalist və politoloq Vladimir Tsxvediani “Rosbalt” informasiya agentliyində keçirilən konfransda bu mövzuya toxunaraq xüsusi qeyd edib ki, 1930-cu illərdə Njdenin faşizm əqidəli olmasını hətta Amerika isteblişmenti də inkar etməyib. Jurnalist xatırladıb ki, Njde öz əqidələrinə və faşistlərə rəğbətinə görə 1936-cı ildə ABŞ-dan qovulub və Almaniyaya nasist ideologiyasının mərkəzi sayılan Münxenə köçüb.

1945-ci il mayın 4-də amerikalı konqresmen Frenk Huk ABŞ Konqresinə daşnak partiyasının (Njde və Dro da bu partiyaya mənsub idi) Hitlerə rəğbəti və Holokostu dəstəkləmələri barədə məruzə təqdim etmişdi.

Həmin məruzədə faşizmi “bəşəriyyətə hədiyyə”, “Almaniyaya və İtaliyaya yeni həyat bəxş etmiş sistem”, Holokostu isə “zəhərli elementin kökünü kəsmək üçün cərrahi müdaxilə” hesab edən daşnak təbliğatından sitatlar gətirilmişdi.

Hərbi cinayətlərə görə sovet məhkəməsi tərəfindən mühakimə olunmuş Njde uzun müddət Vladimir mərkəzi həbsxanasında cəza çəkib və 1955-ci ildə orada ölüb. 1980-ci illərdə erməni millətçilərinin bir qrupu Vladimir şəhərindəki qəbiri gizli şəkildə sovet Ermənistanına aparıb, SSRİ dağılandan sonra Njdenin nəşi hissələrə bölünüb və ölkənin müxtəlif yerlərində basdırılıb.

Onlayn konfransın iştirakçıları qeyd ediblər ki, bu gün Ermənistanda Njdeyə dövlət səviyyəsində pərəstiş edilir, rəsmi ideologiya isə onun nasistlərlə əməkdaşlıq etdiyi dövrü Njdenin “Ermənistanın müstəqilliyi uğrunda mübarizəsi”nin məntiqi davamı kimi qiymətləndirir. Yerevanın mərkəzində Njdeyə qoyulmuş heykəlin açılışında ölkə rəhbərliyi iştirak edib.

Qeyd edilir ki, Rusiyada Njdeyə münasibət dəyişməyib. Məsələn, RF XİN-in məruzəsində, RF Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti tərəfindən nəşr edilmiş əsərlərdə seqakronizm ideologiyasının faktiki mahiyyəti, Njdenin Üçüncü Reyx ilə əməkdaşlıq etməsi və onun SSRİ ərazisində törətdiyi cinayətlər göstərilir. Müharibənin tarixinin saxtalaşdırılması meyillərinə və Rusiyada faşizmin reabilitasiyasına qarşı beynəlxalq fəaliyyət çərçivəsində Rusiyanın müttəfiqi sayılan Ermənistanda onun qəhrəmanlaşdırılması faktına görə dəfələrlə narahatlıq bildirilib.

Memorial lövhə və boş qəbir

“Rosbalt” informasiya agentliyində keçirilən konfransda çıxış edən İzborski klubunun Vladimir regional bölməsinin sədri Dimitri Saqal xatırladıb ki, 2019-cu ildə yaranmış qalmaqalda Rusiya ictimaiyyətinin diqqəti yenidən bu kollaborantın şəxsiyyətinə cəlb edilib. O vaxt məlum olmuşdu ki, Armavirdə erməni kilsəsinin həyətində Njdenin şərəfinə xatirə lövhəsi vurulub.

Nəticədə yerli kommunist deputat Vinoqradov nümayişkaranə aksiya keçirərək Njdenin xatirə lövhəsini qaralamışdı. Armavir ictimaiyyətinin etirazları nəticəsində həmin xatirə lövhəsi götürüldü. Saqal videokonfransın iştirakçılarına deyib: “Biz kazaklarla birlikdə xatirə lövhəsi olan yerə gələndə məlum oldu ki, orada təcili təmir işləri təşkil edilib”.

Vladimir meriyasına müraciətdə qeyd edilir ki, Armavirdəki xatirə lövhəsi Rusiya ərazisində Njdenin qəhrəmanlaşdırılması ilə bağlı yeganə hadisə deyil: “Məsələn, Vladimir şəhərində Njdenin boş məzarının ətrafında Rusiyanın erməni diasporu tərəfindən ildə bir neçə dəfə qondarma “xatirə tədbirləri” keçirilir. Bu halda onun xatirəsi Njdenin mənsub olduğu bütpərəstlərin mərasimlərinə uyğun şəkildə keçirilir.

Bundan əlavə, Njdenin qəbri üstünə getmək Vladimir şəhərinə Ermənistandan və Rusiyanın erməni diasporundan olan turistlər üçün təşkil edilən müntəzəm turların proqramına daxil edilib. “Stopfaşizm” vətəndaş təşəbbüsünün üzvləri müəyyən ediblər ki, Njdeni və onun irqi üstünlük prinsipini təbliğ edən faşistpərəst “seqakronizm” ideologiyasını qəhrəmanlaşdıran simvolika Rusiyanın erməni gənclər arasında geniş yayılıb.

Müraciətdə deyilir: “Ölkə Böyük Qələbənin 75-ci ildönümünü qeyd etdiyi bir ildə Vladimir torpağının, Qələbənin səsi sayılan Levitanın kiçik vətəninin bir hissəsinin faşistlərin əlaltısına pərəstiş yerinə çevrilməsinə göz yummaq yolverılməzdir. Boş qəbirin desakrallaşdırılmış statusunu nəzərə alsaq, şəhərin hakimiyyət orqanlarının belə mövqeyi dözümlülük təzahürü deyil, Njdenin legionunun hitlerçilərlə əməkdaşlığı nəticəsində öldürülmüş və işgəncələrə məruz qalmış minlərlə insanın xatirəsinə, habelə ümumi qələbə uğrunda həlak olmuş milyonlarla rusun və erməninin xatirəsinə hörmətsizlikdir”.

Bununla əlaqədar vətəndaş təşəbbüsü qaydasında Vladimir meriyası qarşısında Njdenin boş qəbirinin sökülməsi məsələsi qaldırılıb.

Rusiyalıların milli mənliyi uğrunda mübarizə

Müraciəti imzalayanlardan biri – Dimitri Saqal həmin müraciətin məqsədini şərh edərək deyib: “Rusiya faşizmin qəhrəmanlaşdırılmasının qarşısının alınması üçün beynəlxalq səviyyədə prinsipial mövqe tutur və ciddi səy göstərir. Biz Baltikyanı bölgədə, Ukraynada və Ermənistanda eyni meyilləri müşahidə edirik. İndi isə Böyük Vətən müharibəsinin saxtalaşdırılmış narrativini Rusiyanın daxilində də - Mannergeymin qəhrəmanlaşdırılması, Njdenin yad edilməsi yolu ilə qəbul etdirməyə çalışırlar”.

Saqal daha sonra deyib: “Bu gün həmin təbliğatın obyekti Rusiyadakı erməni gəncləridir, sabah başqa milli azlıqlar, daha sonra bütün Rusiya ictimaiyyəti belə obyekt olacaq. Axı, burada mücərrəd tarixi həqiqət uğrunda deyil, rusiyalıların milli mənliyi uğrunda mübarizədən söhbət gedir. Bizim sələflərimiz kimləri qəhrəman hesab edəcəklər – Jukovu yoxsa Mannergeymi, Baqramoyanı yoxsa Njdeni? Rusiyanın gələcək böyüklüyü bundan asılıdır. Mən hesab edirəm ki, bu mübarizədə xırda məsələ ola bilməz. Buna görə də Vladimir şəhərində Njdenin boş qəbrinə də Peterburqda Mannergeymin xatirə lövhəsi vurulması halında olduğu kimi prinsipiallıq göstərilməlidir. Bu, tarixi yaddaşın qorunub saxlanması haqqında düzəlişin praktiki reallaşması olacaq. İyulun 1-də biz bu düzəlişə səs verməyə gedəcəyik”.