20 yanvar 2021 20:05
464

Rusiyanın Dağlıq Qarabağ planının detalları açıqlanıb

Rəşid Nurqaliyev: İlk mərhələdə beş rayonun Azərbaycana qaytarılması nəzərdə tutulurdu

 

“Rusiya tərəfindən bir neçə il əvvəl hazırlanan Dağlıq Qarabağda mərhələli həll konsepsiyası münaqişənin güc tətbiq edilmədən həllinə imkan yaradırdı”. “İki sahil” xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev "Rossiyskaya qazeta” nəşrinə müsahibəsində deyib.

O qeyd edib ki, Rusiya hər zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə  bütün tərəflərin maraqlarını nəzərə alan həllinə tərəfdar olub.  2016-cı ildə Rusiya Xarici İşlər Nazirliyi mərhələli həll konsepsiyasını təqdim edib. Sənədin son variantı 2019-cu ildə tərəflərə təhvil verilib:

“Bu təkliflər həyata keçirilsəydi, Qarabağın dinc əhalisi üçün normal həyat üçün şərait yaradılacaq və Azərbaycan itirilmiş bölgələrini güc tətbiq etmədən geri qaytaracaqdı”. Rəşid Nurqaliyev deyib ki, konsepsiyada beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsindən sonra ilk mərhələdə beş rayonun Azərbaycana qaytarılması, Dağlıq Qarabağa hakimiyyət qurumları və özünümüdafiə qüvvələri yaratmaq hüququ verilməsi və bölgənin Azərbaycan tərəfindən blokadasına son qoyulması yer alırdı.  İkinci mərhələdə beynəlxalq normalara uyğun olaraq referendum keçirərək Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsi ilə birlikdə daha iki rayonun Bakının nəzarətinə verilməsi planlaşdırılırdı. Dağlıq Qarabağla Ermənistan arasında nəqliyyat əlaqəsi üçün Laçın bölgəsində dəhliz ayrılmalı idi.

“Bu təkliflər həm ATƏT-in Minsk qrupu həmsədrlərinin, həm də Ermənistan və Azərbaycan liderlərinin iştirak etdiyi danışıqlar prosesinin əsas mövzusu idi. İlham Əliyevlə Nikol Paşinyan arasındakı birbaşa dialoq 2020-ci ilə qədər davam etdi,  amma təəssüf ki, tərəflər arasında tam razılığa gəlmək mümkün olmadı” - deyə Nurqaliyev bildirib.