08 fevral 2019 11:53
81

S-1 peşəkar döyüş liqasının yeni mərkəzi açılıb

Fevralın 7-də S-1 peşəkar döyüş liqasının yeni mərkəzi açılıb. Mərkəzin açılışında S-1 peşəkar döyüş liqasının prezidenti Hikmət Şikarov, birinci vitse-prezidenti İsmayıl Əliyev, vitse-prezidenti Mərdan Vəliyev, həmçinin tanınmış idmançılar və ictimaiyyət nümayəndələri, KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən S-1 peşəkar döyüş liqasının prezidenti Hikmət Şikarov bildirib ki, ölkəmizdə idmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkə başçısı İlham Əliyev tərəfindən  aparılan məqsədyönlü idman siyasəti nəticəsində  idmana dövlət qayğısı daha da artıb, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılıb.

Açılışda iştirak edən digər qonaqlar S-1 peşəkar döyüş liqasının son dövrdə təkcə Bakıda deyil, respublikamızın bütün bölgələrində gənclər arasında geniş marağa səbəb olduğunu qeyd ediblər. Yeni Mərkəzin S-1 peşəkar döyüş liqasının inkişafına daha geniş imkanlar yaradacağı vurğulanıb.

Orxan Vahidoğlu, “İki sahil”