13 avqust 2020 13:06
797

Saatlıda yeyib-içənlər cərimələnib

Saatlı rayonundakı fərdi yaşayış evlərinin birində bir qrup şəxs toplaşaraq yeyib-içmək məclisi təşkil edərək xüsusi karantin qaydalarını kobudcasına pozublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “İiki sahil”ə verilən məlumata görə, daha sonra həmin şəxslər təşkil etdikləri məclisin fotoşəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yeyib-içmək məclisi təşkil edən həmin şəxslər müəyyən edilib. Polis əməkdaşları tərəfindən orada iştirak etmiş 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.

Qeyd edək ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.