16 sentyabr 2019 17:48
764

Sabah qadın güləşçilər dünya çempionatında mübarizəyə qoşulacaqlar

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də dünya çempionatında qadın güləşi yarışlarına start veriləcək. Çempionatın dördüncü günündə 50, 53, 55 və 72 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparacaqlar.

Sentyabrın 16-da həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib. Güləşçilərimiz Mariya Stadnik (50 kq) və Türkan Nəsirovanın (53 kq) ilk rəqibləri müəyyənləşib. Belə ki, M.Stadnik Nigeriya təmsilçisi Miessiney Mersi Genesis, T.Nəsirova isə almaniyalı Nina Hemmer ilə qarşılaşacaq.

Çempionatın ikinci günündə yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.