08 avqust 2019 17:39
202

Sabirabadda yanğın təhlükəsizliyinə dair seminar keçirilib

Fövqəladə Hallar Nazirliyi (FHN) Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabadda yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda Biləsuvar, Neftçala, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarının və Şirvan şəhərinin pambıq tədarükü və emalı ilə məşğul olan fermerlər iştirak edib.

Tədbirdə Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, polkovnik Orxan Məmmədyarov tövsiyə və maarifləndirici xarakterli çıxış edib. Qeyd olunub ki, pambıq tədarükü və emalı zamanı pambıq istehsalı və tədarükü ilə məşğul olan bütün sahibkarlıq obyektləri, kəndli-fermer təsərrüfatı rəhbərləri yanğının baş verməməsi üçün təhlükəsizlik qaydalarına əməl etməli, qabaqlayıcı tədbirlər həyata keçirilməlidir. Tarladan pambıq tədarükü müəssisəsi və emal sexlərinə qədər bütün obyektlər lazım olan yanğınsöndürmə avadanlıqları ilə təmin olunmalı, yanğın törədə biləcək texnika və elektrik təsərrüfatları saz vəziyyətə gətirilməlidir. Yanğın baş verən zaman istifadə olunacaq su hovuzlarında daim suyun olması təmin edilməli, hovuzlar və onun ətrafında yanğınsöndürən texnikanın sərbəst manevr etməsi üçün meydançalar olmalıdır.

Diqqətə çatdırılıb ki, pambıqtəmizləmə zavodları və emal müəssisələrində yanğınsöndürən texnikanın yanğın zamanı istiqamətləndirici, həmçinin maarifləndirici lövhələrin düzgün yerləşdirlməsi təmin edilməli, ərazilərin quru otlardan, yanğın törədici pambıq liflərindən vaxtlı-vaxtında təmizlənməsi daim nəzarətdə saxlanılmalıdır.

Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.