23 yanvar 2020 20:20
1771

Sabitlik şəraitində yaşayan Azərbaycan davamlı inkışafı ilə seçilən ölkədir

Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi beynəlxalaq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb

1971-ci ildən etibarən İsveçrədə keçirilən, qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, iqtisadi, sosial problemlərinin müzakirəsi üçün nəzərdə tutulan, ənənəvi olaraq hər il keçirilən Davos Dünya İqtisadi Forumu (DİF) yenidən dünya iqtisadiyyatının aktual problemlərinin müzakirə olunduğu tribunaya çevrilib. Başqa sözlə deyilsə, Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkan yaradan platformadır.

Forumun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına gələn və burada biri-birindən maraqlı görüşlər keçirən Prezident İlham Əliyevin DİF-un rəsmi saytında yerləşdirilən “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” başlıqlı məqaləsi  dünya iqtisadiyyatının ayrılmaz parçası olan Azərbaycanın son illərdə qazandığı uğurlarla tanışlıq, ölkəmizin təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələrinin əhəmiyyəti baxımından zəngin informasiya mənbəyidir.

2007-ci ildən başlayaraq  Davosda keçirilən Forumun illik Toplantısında iştirak edən və DİF Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olduğunu bildirən cənab İlham Əliyevin maraqlı və dolğun məqaləsində tam mənada sabit, tərəqqi yolu ilə irəliləyən qüdrətli bir ölkənin, Azərbaycanın portreti yaradılır. Beynəlxalq təşkilatların ölkəmizlə bağlı müsbət rəylərini qiymətləndirən, “Bu, bizə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir. Bu islahatlar nəticəsində 2007-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə ölkə iqtisadiyyatının həcmi 80 faiz, o cümlədən qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, ölkədə yoxsulluq səviyyəsi 4 dəfədən çox, işsizlik səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq 4,9 faizə çatıb. Bu dövrdə ölkəmiz iki dəfə “Doing Business 2009”” və “Doing Business 2019”” hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb” söyləyən cənab İlham Əliyevin məqaləsində yer alan statistika ölkəmizin bu müddətdə keçdiyi inkişaf yoluna bələdçilik edir. Ötən illərdə ölkəmizə 111 milyard ABŞ dollarından çox xarici investisiya cəlb olunmasının nəticəsidir ki, DİF-nin açıqladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda 2006-2007-ci illərdə 64-cü yerdə adı çəkilən Azərbaycan 2017-2018-ci illərdə 137 ölkə arasında 35-ci yerə yüksəlmişdir. Başqa göstəricilər üzrə də inkişaf edən , yuxarı pillərdə yer alan ölkəmiz 2019-cu ildə “Əhalinin elektrik təchizatı səviyyəsi”” üzrə dünyada 2-ci yerdədir. Ölkələr sırasında “Hökumət tənzimləməsinin yükü”” və “Əcnəbi işçilərin işə qəbulunun asanlığı” göstəricilərinə görə 3-cü yerdə qərarlaşıb. İslahatçı ölkələr arasında yuxarı pillələrdə qərarlaşan ölkəmizin “Biznesə başlama üçün tələb olunan günlərin sayı”” üzrə 8-ci yerdə qərarlaşması son illərdə iqtisadi, sosial inkişafa beynəlxalq səviyyədə verilən yüksək qiymətdir.

Məqalədə Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələri ilə bağlı  verilən geniş şərh, eyni zamanda, təcrübəli liderin başçılıq etdiyi dövlətin gələcək inkişafının yol xəritəsidir.

Bakı-Tbilisi-Qars dəmir yolunu tarixi, strateji əhəmiyyətli layihə adlandıran cənab İlham Əliyevin  “Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq” sözləri Azərbaycanın inkişaf yoluna baxışdır.

Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti, regional əhəmiyyəti, iştirakçı ölkələrin tərəfdaşlıq formatının təşkili baxımından diqqəti cəlb etməklə, ləyihənin geosiyasi əhəmiyyətini artırır, ölkəmiz üçün əlavə imkanlar yaradır.

Nəticə isə mükəmməldir. Hesabatlarda Azərbaycan 141 ölkə arasında “Dəmir yolu xidmətlərinin səmərəliliyi”” üzrə 11-ci, “Hava yolları xidmətlərinin səmərəliliyi” üzrə” 12-ci, “Dəniz limanları xidmətlərinin səmərəliliyi üzrə” 25-ci, “Yolların keyfiyyəti”” üzrə 27-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığının davamı kimi 2019-cu ildə Azərbaycan ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında Əməkdaşlıq Razılaşması imzalanıb. Bu Razılaşma dünyada baş verən müsbət trendlərin və qabaqcıl təcrübənin Azərbaycanın sosial-iqtisadi həyatına transformasiyasına imkan yaradacaq.

Dünya İqtisadi Forumu ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirən Azərbaycan bu platformada əməkdaşlığın inkişaf etdirilməsi və daha da irəli aparılması üçün göstərilən səyləri dəstəkləməklə münasibətləri bundan sonra da davam etdirmək əzmindədir.

Son illərdə ölkəmizdə yol-nəqliyyat infrastrukturunun inkşafına göstərilən diqqət, həyata keçirilən layihələr nəticəsində

Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin önəmli aktoruna, beynəlxalq nəqliyyat qovşağına çevirib. Gürcüstan və Türkiyənin dəmir yollarını birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun,

Xəzərdə ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi ilə  dövlətlərarası əməkdaşlıq genişlənib ki, bunun nəticəsində qeyri- neft ixracı 14 faiz artıb.

Yol xəritəsində və yol xəritəsinin əlavəsi olan tədbirlər planında da ölkələr arasında əsasən ticarət dövriyyəsinin artırılmasında böyük əhəmiyyətə  malik nəqliyyat infrastrukturu xeyli yaxşılaşdırılıb.

Rusiya Federasiyası ilə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən önəmli hadisələrdən olan Samur çayı üzərində yeni körpünün inşası başa çatdırılıb

Ötən illər “Bir kəmər, bir yol” layihəsinin təşəbbüskarı Çinlə əlaqələr baxımından uğurlu olmuşdur. Çində keçirilən “Bir kəmər, bir yol”” beynəlxalq konfransında iştirak edən Prezident İlham Əliyevin görüş çərçivəsində  800 milyon dollar həcmində 10-a yaxın sənəd imzalaması ölkəmizin xarici bazarlara çıxışını daha da asanlaşdıracaq.

Artıq Çindən konteyner qatarların Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Azərbaycandan Türkiyə ərazisinə keçidi təmin olunur. Bakı Tbilisi-Qars dəmir yoluna artan maraq təsdiqləyir ki, gələcəkdə Qazaxıstan kimi digər dövlətlər də bu beynəlxalq yoldan istifadə edəcəklər. Eyni zamanda, Azərbaycan Rusiya və İran vasitəsilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində önəmli işlər həyata keçirilir, avtomagistral yollar inşa olunur, dəmir yolu təmir edilir. Bu il Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün inşasına başlamaq planlaşdırılıb. Gələn il o körpünün, Bakıdan Rusiya Federasiyası sərhədinə qədər olan magistral yolun tikintisi başa çatacaq.  Azərbaycan ərazisindən yük avtomobillərinin keçidi, vaxt itkisinin azalması təmin olunacaq. Beləliklə, Azərbaycan bölgədə Şimal-Cənub, Şimal-Qərb, Cənub-Qərb istiqamətində yük avtomobillərinin hərəkəti üçün ən əlverişli şərait yaratmış olacaqdır.

Məqalədə toxunulan digər qlobal məsələ Azərbaycanın təşəbbüsü ilə dünya enerji bazarında xəritənin dəyişməsidir. Reallıq budur ki, dünyanın enerji sektorunun əsas iştirakçılarından olan Azərbaycan Cənub Qaz Dəhlizini reallaşdırmaqla, Xəzər regionundan qaz təchizatını Avropa bazarlarına birləşdirməklə qitə ölkələri üçün ən sərfəli enerji mənbəyi olduğunu təsdiqləyib. “Türk axını” kimi digər layihələri də xalqları birləşdirən, dövlətlərin iqtisadi inkişafını şərtləndirən dostluq telləri adlandıran cənab İlham Əliyev Cənub Qaz Dəhlizinin alternativ layihə olduğunu da qeyd edir: “Bu layihə Avropaya qazın nəqlinə alternativ kimi deyil, Avropaya qaz təchizatının şaxələndirilməsi məqsədilə həyata keçirilib. Ümumi kapital qoyuluşu 40 milyard ABŞ dolları olan bu layihə 4 hissədən ibarətdir” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, Trans-Anadolu Boru Kəməri (TANAP) Cənubi Qafqaz Boru Kəmərinin davamı olaraq Türkiyənin qərb sərhədinə qədər davam etməklə Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdırır. Trans-Anadolu Boru Kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşib. Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik Boru Kəmərinin tikintisinin başa çatması ilə qaz kəməri Yunanıstandan Albaniyaya, oradan da Adriatik dənizinin altından keçməklə İtaliyaya çatacaq.

Xuraman İsmayılqızı, “İki sahil”