04 dekabr 2019 17:16
128

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər yekunlaşıb

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə keçirilən təlimlər başa çatıb.

İqlim dəyişmələri, ekosistem xidmətləri və su-sanitariya-gigiyena mövzuları üzrə bir ay ərzində davam etdirilən təlimlərdə Bakı və Sumqayıt şəhərlərini əhatə edən “Sağlam təhsil – sağlam millət” layihəsinə cəlb olunmuş 170 ibtidai sinif müəllimi iştirak edib. Keçirilmiş təlimlərin qiymətləndirilməsi məqsədilə iştirakçılar təlimdən əvvəl və sonra müvafiq mövzular üzrə hazırlanmış test suallarını cavablandırıblar. Qiymətləndirmə nəticələrinə əsasən, təlimdən əvvəl iştirakçılar tərəfindən verilmiş doğru cavabların təqribi faiz nisbəti 47, təlimin sonunda verilmiş doğru cavabların təqribi faiz nisbəti isə 76 təşkil edib.

Qeyd edək ki, layihə 2016-2020-ci illər üçün Azərbaycan hökuməti və UNICEF arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində keçirilir. Layihənin məqsədi Təhsil  Nazirliyi tərəfindən həyata keçirilən “Sağlam təhsil – sağlam millət” layihəsinə cəlb olunmuş pedaqoji heyət və şagirdlərin dayanıqlı inkişaf məqsədləri üzrə məlumatlılığının artırılması, onlarda ekoloji düşüncə tərzinin formalaşdırılmasıdır.

Dayanıqlı İnkişaf Məqsədlərinin təmin olunması üçün növbəti mərhələlərdə məktəblilər üçün maarifləndirici animasiya filmlərinin hazırlanması, təlimlərdən keçmiş sağlam təhsil sinif müəllimləri tərəfindən “Həyat bilgisi” fənni üzrə  Bakı şəhərində yerləşən 37 məktəbdə “Açıq dərslər”in, sağlam təhsil sinif şagirdlər arasında “Kim? Harada? Necə?” formatında intellektual oyun və valideynlər üçün maarifləndirmə seminarlarının təşkili nəzərdə tutulub. 

Layihə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçirilir.