10 yanvar 2020 19:06
984

Sağlam təməl üzərində yüksək səviyyədə tənzimlənən tandem

Azərbaycanda əsası Ulu Öndər tərəfindən qoyulan dövlət-din münasibətləri daim yüksək səviyyədə tənzimlənərək cəmiyyətin sağlam dəyərlərə söykənərək yaşamasını təmin edib. Azərbaycanda əsrlərdir müxtəlif inanclı, fərqli dinlərə sitayiş edən insanlar  dostcasına birgə yaşayırlar. Ümummilli Liderin  hakimiyyəti dövründə isə ölkəmizdə əsrlərlə yaşı olan tolerantlıq və multikulturalizm dəyərləri mahiyyətcə yeni müstəviyə qaldırılıb. 

Ulu öndər Heydər Əliyev bununla bağlı bəyan edirdi: “Azərbaycan öz Konstitusiyasına görə, həm də dünyəvi bir dövlətdir. Dövlət ilə dini qurumlar arasındakı münasibətlər Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəaları ilə, “Dini etiqad azadlığı haqqında” qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir. Biz dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli mentalitetimizin bir fenomeni və ayrılmaz bir hissəsi kimi qəbul edirik.”

Azərbaycan yenidən öz müstəqilliyinə qovuşduqdan sonra həm mürəkkəb daxili durum, həm də çətin geosiyasi vəziyyətdə dövlət quruculuğu proseslərinə start verəndə indiyədək mövcud olan dəyərlər sisteminə yeni rakursdan baxılması vacib amil idi. Belə bir dövrdə dövlətin dinə, eləcə də ölkədə fəaliyyət göstərən müxtəlif dini konfessiyalara və icmalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsi mühüm idi. Dövrün ziddiyyətlərinə baxmayaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsipləri, bu sahəni tənzimləyən qanunvericilik bazası uğurla formalaşdırılaraq tətbiq edildi. Dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində atılan tarixi addımlardan biri də Ulu Öndərin rəhbərliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasıdır. Komitənin fəaliyyətə başlaması ilə ölkədə din siyasəti daha da möhkəmlənərək tolerantlıq mühitinin daha da inkişaf etdirilməsinə zəmin yaradılıb, baş verə biləcək bir sıra neqativ halların qarşısını alınıb.

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə olması ilə fəxr edir. Ulu Öndərin də qeyd etdiyi kimi, respublikamızda yaşayan bütün xalqlar bizim sərvətimizdir. Bu mükəmməl yanaşmanın  nəticəsidir ki, hazırda Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınır,  bir çox nüfuzlu beynəlxalq dini tədbirlərə ev sahibliyi edir.

Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Ümummilli Liderin müəyyənləşdirdiyi konsepsiya ilə irəliləyən Azərbaycan bu gün həm sosial-iqtisadi göstəricilərinə görə, həm də milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində regionun lider dövləti statusunda çıxış edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına, multikulturalizmin və  tolerantlığın təşviqinə böyük önəm verərək bu sahənin inkişafına mühüm töhfələr verir.

Azərbaycan Prezidenti çıxışlarında Bakıda mötəbər dini tədbirlərin keçirilməsini təbii hesab etdiyini vurğulayaraq ölkəmizdə ta qədimdən dinlərarası ənənələr olduğunu bəyan edir: “Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir”.

Qeyd edək ki, beynəlxalq təşkilatlar, eyni zamanda, dünya dini liderləri Azərbaycandakı dövlət-din tənzimlənməsini təqdir edir və bununla bağlı vaxtaşırı müsbət fikirlərini səsləndirirlər. Xatırladaq ki, Azərbaycanda dinlərarası dialoqun yüksək səviyyədə təşkil edilməsini yüksək dəyərləndirən mötəbər şəxsiyyətlər sırasında Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, Roma Papası Fransisk, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri və digər nüfuzlu insanlar yer alır.

Ötən ilin sonlarında dünya dini liderlərinin II Sammitinin Bakıda  keçirilməsi də təsadüfi deyildi. Bu, həm də  bəzi hallarda psevdodini şüarlar altında törədilən cinayətlərin dayandırılmasına qarşı Bakıdan bütün dünyaya ünvanlanan bir beynəlxalq çağırış rolu oynayırdı.  Dövlət başçısı İlham Əliyev  nitqlərində Azərbaycanın müxtəlif tədbirlərə ev sahibliyi etməsini və bu mötəbər toplantılar vasitəsilə dünyaya önəmli mesajların verilməsini ölkəmizin nailiyyətləri  kimi səciyyələndirir.

Azərbaycan təkcə  belə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə deyil, həm də dövlət və xalq səviyyəsində nümunəsi ilə  dinlərarası dialoqun inkişafına ən müxtəlif şəkildə töhfələr  bəxş edir.

Bakıda müxtəlif beynəlxalq dini tədbirlərdə səslənən mesajlar özündə  dini ayrı-seçkiliyə yol verməməyi, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmağı, dindən siyasi məqsədlər üçün istifadə etməməyi, münaqişələrə dini don geyindirməməyi, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamağı və ənənəvi dəyərləri təbliğ etməyi ehtiva edir. Bu mesajlar həm də Azərbaycanın bu istiqamətdəki siyasətinin ana xəttini təşkil edən motivlərdir. 

Ölkəmizdə bütün vətəndaşların dini etiqad azadlığı qanunvericiliklə tam təmin olunur. İndiyədək bu sahədə görülən əhəmiyyətli işlər Azərbaycanda dövlət-din əlaqələrinin sağlam təməl üzərində  yüksək səviyyədə inkişafından xəbər verir. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlət dindarlara daim dəstək və dayaq olur.

Sevinc Abdullayeva, “İki sahil”