09 dekabr 2019 20:25
1691

Sahibkarlar nə istəyirlər?

Ölkədə qeyri-neft sektorunun, o cümlədən sahibkarlığın inkişafı  üçün dövlətin güzəştli kredit mexanizmi mövcuddur. Eyni zamanda, bankların təklif etdikləri məhsullar arasında biznes kreditləri də var. Ancaq nədənsə tez-tez sahibkarların vaxtaşırı maliyyə resurslarına çıxışın məhdud olmasından şikayətlənmələrinin şahidi oluruq və bu məsələ  sorğularda da özünü büruzə verir.

Belə ki, bir müddət əvvəl Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının (ASK) 500 iş adamı arasında keçirdiyi sorğu nəticəsində məlum olub ki, sahibkarlarının 43 faizinin maliyyə resurslarına çıxışı məhduddur və bu amil onların fəaliyyətinə mane olur. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov da  KİV-ə müsahibəsində bildirib ki, 2019-cu ilin noyabrın 1-dək “KOB Dostu” şəbəkəsi vasitəsilə Agentliyə daxil olmuş müraciətlərin 22 faizi maliyyə resurslarına çıxış ilə bağlı olub.

Həmçinin xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin yanında keçirilən  iqtisadi müşavirədə ölkə başçısının qeyri-neft sekorundakı artımın böyük olmaması ilə bağlı iradına keçmiş İqtisadiyyat naziri Şahin Mustafayev bu sahədə maliyyələşmənin yetərli olmaması, o cümlədən banklar tərəfindən də kifayət qədər vəsaitin ayrılmaması ilə əsaslandırmışdı.

Prezident İlham Əliyev isə bildirib ki, bank sektoru iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır: “Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun saytındakı məlumata görə, indiyədək ölkədə 36 min  841 sahibkarın 5 milyard 533 milyon 78 min  746 manat dəyərində layihəsinə 2 milyard 398 milyon 102 min 51 manat məbləğində dövlətin güzəştli krediti verilib.

Bəs banklar necə, onlar niyə sahibkara kredit verib qazanmaq istəməsin ki? 

“Azərbaycanda bankların biznes krediti verməməsi ilə bağlı deyilənlər düzgün deyil. Normal vəziyyəti, biznes planı olan, bir sözlə, normal müştəriyə niyə kredit verməyim ki?” Bunu ötən ay jurnalistlərə açıqlamasında “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.

“Bu gün banklar hər bir normal müştəri uğrunda mübarizə aparır. Bütün ölkəni gəzib normal müştəri axtarırıq. “Banklar biznes krediti vermir” ifadəsini o adamlar deyə bilər ki, onların ödəniş qabiliyyəti - maliyyə vəziyyəti, biznes-planı yaxşı deyil. Siz belə adamlara kredit verərdinizmi?”, - deyə sədr qeyd edib.

Ancaq bu barədə danışdıqda, biznes kreditlərinin faizlərinin yüksək olmasından da yan keçmək mümkün deyil. Bir sözlə, sahibkar üçün maliyyə resurslarına çıxışı məhdud edən səbəblərdən biri də kreditlərə görə təklif edilən faizlərdir desək, yanılmarıq.

Lakin F.Hüseynov kredit faizlərinin yüksək olması barədə iddialara da cavab verib: “Kredit faizləri depozit faizlərinə bağlıdır. Amma bu gün faizlər elə də yüksək deyil. İllik 13-14 faizlə, manatla biznes kreditləri götürmək mümkündür”.

Ekspertlər isə bu qənaətdədirlər ki, banklar krediti ödəniş qabiliyyəti yüksək olan şəxslərə verməkdə, həmin şəxslər də krediti aşağı faizlə götürməkdə maraqlıdırlar. Bununla belə, hətta yüksək faizlə kredit götürməyə razı olan sahibkarlara da rast gəlinsə də bu dəfə də  banklar onların ödəniş qabiliyyətlərinə şübhə ilə yanaşır. Nəticədə sahibkarlar maliyyələşmədə,  banklar  isə vəsaitlərini yerləşdirmədə çətinliklərlə üz-üzə qalırlar. 

Lakin sahibkarların şikayəti maliyyələşmə ilə yekunlaşmır. ASK-nın  keçidiyi  və respondentlərinin 25 faizini mikro, 31 faizini kiçik, 26 faizini orta, 18 faizini iri sahibkarlar təşkil edən sorğunun nəticəsindən o da məlum olub ki, sahibkarların 14 faizi xammal, 8 faizi kadr, 4 faizi qanunvericilikdəki çatışmazlıqlardan şikayətlənsələr də, yerdə qalan  31 faizi fəaliyyətini məhdudlaşdıran amilin nə olduğunu deyə bilməyib.

Səsvermə nəticəsində o da məlum olub ki, sahibkarlar qanunvericilikdə baş verən dəyişikliklərlə yanaşı, aparılan iqtisadi islahatlar, institutsional dəyişikliklər barədə tam məlumatlı deyil.

Ceyhun Piriyev, “İki sahil”