21 may 2020 10:55
200

Sahibkarlara dövlət dəstəyi: nə əkiblərsə...

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir. İqtisadiyyat Nazirliyinin bununla bağlı son açıqlamasında bildirilir ki, ölkə başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, indiyə qədər nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 27 655 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 109 052 fərdi (mikro) sahibkar, ümumilikdə 136 707 vergi ödəyicisi müraciət edib. Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 255 561 işçini əhatə edən 27 655 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. Həmçinin fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 101 424 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

Beləliklə də, koronavirus pandemiyasının dünya iqtisadiyyatını ağır böhranla üz-üzə qoyması fonunda Azərbaycan hökuməti milli sahibkarlığa dəstəyini davam etdirir. Başqa sözlə, indiyədək hərtərəfli formada dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş ölkə sahibkarlığı bu dəfə də dəstəkdən kənar qalmadı. Burada diqqətçəkən məqam dürüst fəaliyyət göstərən sahibkarlıq subyektlərinin digərləri ilə müqayisədə daha çox maliyyə dəstəyi almalarıdır. Başqa sözlə, məşhur atalar sözündə deyildiyi kimi, “nə əkərsən, onu da biçərsən”.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində 300 min fərdi (mikro)sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilir. Həmçinin fərdi (mikro)sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olduğu təqdirdə ona 250 manat məbləğində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyinin maksimal həddi isə 5 min manat olacaq. Bu göstəricinin belə qrupdan olan sahibkarlıq subyektlərinin 2019-cu ildə ödəyə biləcəkləri maksimum vergi məbləği olmasını nəzərə alanda, ötən il daha çox vergi ödəyənlərin dövlət dəstəyindən də buna uyğun yararlanacağı deməkdir.

Həmçinin pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub ki, burada yanvar ayında ölkə üzrə orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürülür. Yəni müəssisədə çalışan işçilər rəsmi şəkildə bu məbləğdən çox əmək haqqı almırlarsa, onlara kompensasiyalar əmək haqları qədər hesablanır. Bu isə o deməkdir ki, rəsmi əmək haqqı fondu daha böyük, işçilərinin sayı çox olan müəssisələrin alacaqları dövlət dəstəyi də böyük olacaq.

Digər məqam isə fərdi (mikro)sahibkar olan vergi ödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmamasının və ya silinməməsinin təmin olunmasıdır. Eyni zamanda, işçilərin əməkhaqqının ödənilməsi üçün ayrılan maliyyə dəstəyi vəsaitinin yalnız əmək ödənişləri üzrə köçürülməsinə icazə verilir ki, vergi ödəyiciləri bu vəsaitlərdən hər hansı digər məqsədlər üçün istifadə edə bilməzlər.

Ceyhun Piriyev, “İki sahil”