04 fevral 2019 10:59
134

Sahibkarlara “Yaşıl dəhliz”

Fevralın 1-dən etibarən ölkə ərazisində idxal-ixrac əməliyyatlarında “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadəyə başlanılıb. “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası  Prezidentinin Fərmanı çərçivəsində həyata keçirilən yeniliyin əsas məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, fiziki gömrük yoxlamalarını minimuma endirmək, məmur-sahibkar münasibətlərini inkişaf etdirməkdir.

Söhbət ondan gedir ki, hazırda istər sərhəd buraxılış məntəqələrindən keçid, istərsə də gömrük rəsmiləşdirilməsi zamanı xeyli vaxt aparan çoxsaylı prosedurların həyata keçirilməsi nəticəsində ləngimələrin yaranması, eyni zamanda, digər neqativ hallar sahibkarların qarşılaşdıqları əsas problemlərdən biridir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, təkcə ötən ilin dekabr ayında Astara Gömrük Postundan keçən nəqliyyat vasitələrinin 59 faizi, Samur Gömrük Postundan keçən nəqliyyat vasitələrinin 45 faizi, Biləsuvar Gömrük Postundan keçən nəqliyyat vasitələrinin 35 faizi burada 1 saatdan çox vaxt sərf etməli olublar. Lakin ölkəyə gediş-gəlişin yay aylarında daha intensiv olduğunu nəzərə alanda, həmin dövrdə bu göstəricilərin daha yüksək olduğunu demək mümkündür. Ümumilikdə götürdükdə, Komitənin açıqladığı məlumatlardan belə nəticəyə gəlmək mümkündür ki, ölkəmizin sərhəd gömrük buraxılış məntəqələrindən keçən nəqliyyat vasitələrinin əksər hissəsi bu prosedura orta hesabla 20 dəqiqədən 1 saata qədər vaxt sərf edirlər.

Gömrük rəsmiləşdirilməsinə xərclənən vaxta gəlincə, ötən il idxalın ən çox olduğu oktyabr ayında bu prosedurun daha çox həyata keçirildiyi Bakı Baş Gömrük İdarəsində gömrük rəsmiləşdirilmələrinin 37 faizə qədəri 5 gündən az olmayan vaxtda həyata keçirilib. Komitənin açıqladığı göstəricilərə ümumi nəzər salanda isə aydın olur ki, ötən il gömrük rəsmiləşdirilməsinə ən çox vaxt sərf edilməsi Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsində müşayiət olunub.

“Yaşıl dəhliz” buraxılış sistemi xarici ticarət iştirakçılarına hansı üstünlükləri verir?

Lakin “Yaşıl dəhliz”dən istifadə malların və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqələrindən daha sürətli keçidinin təmin edilməsi, minimum fiziki yoxlamalar, gömrük rəsmiləşdirilməsinin iş yerindən və iş vaxtından kənar aparılması və digər bu kimi üstünlüklər yaradacağı nəzərdə tutulub ki, bu da sahibkarların bu sahədə qarşılaşdıqları problemlərin birdəfəlik həllinə imkan verəcəyinə ümidləri artırır.

Məsələ burasındadır ki, “Yaşıl dəhliz”dən istifadə, eyni zamanda, sahibkarlara idxal olunan malların şəxsin anbarlarına birbaşa aparılması, gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirmə vasitələrinin müstəqil qaydada çıxarılması və malların boşaldılması, ixrac zamanı isə gömrük orqanına getmədən, ixrac olunan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən gömrük bəyannaməsini elektron qaydada gömrük orqanlarına təqdim etməklə, malları bəyan etdiyi gömrük sərhəd buraxılış məntəqəsinə birbaşa göndərilməsi, gömrük orqanlarının tanıdığı eyniləşdirmə vasitələrinin müstəqil tətbiqi kimi spesifik üstünlüklər də verəcək.

“Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisinin də üzərinə müəyyən vəzifələr düşür

Bütün bunların müqabilində “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisinin də üzərinə müəyyən vəzifələr düşür. Qaydaya görə, belə hüquqa malik olan şəxs idxalı nəzərdə tutulan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən qısa idxal bəyannaməsini nəqliyyat vasitəsi gömrük sərhədinin buraxılış məntəqəsinə daxil olmazdan, eyni zamanda, ixracı nəzərdə tutulan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən gömrük bəyannaməsini ixrac olunan malların nəqliyyat vasitəsinə yüklənməsindən ən azı 1 saat əvvəl elektron qaydada gömrük orqanlarına göndərməlidir.

Qaydaya əsasən, “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi, həmçinin idxal olunan malların şəxsin anbarlarına çatması barədə məlumatı əks etdirən elektron bildirişi gömrük orqanlarına dərhal göndərməlidir. Eyni zamanda, idxal və ya ixrac edilən mallar və nəqliyyat vasitələri barədə düzgün məlumatları gömrük orqanlarına bəyan etməli, idxal əməliyyatlarında mövcud, yaxud gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədi ilə Gömrük Məcəlləsində nəzərdə tutulmuş təminatı verməli, malların daşınmasını kənar müdaxilənin mümkün olmadığı təhlükəsiz nəqliyyat vasitəsi ilə həyata keçirməlidir.

Kimlər “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi ola bilər?

Bu hüquqdan istifadəyə gəldikdə isə təsdiq edilmiş Qaydaya əsasən, idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 il ərzində təcrübəsi olan, gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan, daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən, Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən və malların saxlancı üçün nəzərdə tutulan anbarlardan istifadə edən, qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş aşağı risk qrupuna aid hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər.

Dövlətin ixracatçılara dəstəyi burada da öz sözünü deyir

Lakin məsələyə sırf ixrac müstəvisindən yanaşdıqda, aşağı risk qrupuna aid şəxsin bu tələblərin heç də hamısına cavab verməsinə ehtiyac yoxdur. Bu mənada dövlətin ixracatçılara dəstəyi burada da öz sözünü deyir. Məsələ burasındadır kİ, belə olan halda gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan, daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən, qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş şəxs ixrac əməliyyatları həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər. Hər iki halda şəxsin nəzərdə tutulan tələblərə cavab verib-vermədiyini Dövlət Gömrük Komitəsi həmin şəxsin elektron formada müraciəti əsasında bir ay müddətində yoxlayacaq və bu barədə ona müvafiq bildiriş göndərəcək.

Qaydaya görə, Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun verilməsindən imtina barədə qərar qəbul etdikdə, onun səbəbləri göstərilməklə ərizəçiyə 1 iş günü ərzində elektron qaydada bildiriş göndərilməlidir. İmtinaya əsas olmuş səbəblər aradan qaldırıldıqdan sonra şəxs bu Qaydaya uyğun olaraq yenidən Komitəyə müraciət edə bilər.

“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ ləğv edilə bilərmi?

Qaydaya əsasən, Dövlət Gömrük Komitəsi sonrakı mərhələdə tələblərin yerinə yetirilməsi səviyyəsini əsas götürərək “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılması, ləğvi və bərpası səlahiyyətinə də malik olacaq. Buradan belə nəticəyə gəlmək olur ki, idxal-ixrac əməliyyatlarında “Yaşıl dəhliz” mexanizminin tətbiqi onun daimi istifadəçilərinin heç də nəzarətsiz buraxılması demək deyil. Beləliklə də əvvəlki fiziki gömrük yoxlamalarını daha çox risk qiymətləndirilməsi əsasında gömrük nəzarəti formaları əvəz edəcək ki, bu da istər bu Qaydada nəzərdə tutulanları, istərsə də gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər məsuliyyət və öhdəliklərdən yayınmağın heç də asan olmayacağını deməyə əsas verir.

Ceyhun Piriyev, “İki sahil”