06 fevral 2019 15:02
292

Sakinlər müvəqqəti başqa evlərdə yerləşdiriləcəklər FOTO

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və nazirliyin digər rəhbər şəxsləri ilə birgə fevralın 6-da baş vermiş zəlzələnin nəticələri ilə yaxından tanış olmaq məqsədilə həmin əraziyə gəliblər.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, nazir Kəmaləddin Heydərov zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olub, yerli sakinlərlə söhbət aparıb.

Zəlzələdən zərər çəkmiş yaşayış evlərindəki vəziyyətlə tanış olan Kəmaləddin Heydərov bildirib ki, mütəxəssislər ziyan dəymiş binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, vəziyyət tam nəzarətə götürülüb. Rayon Fövqəladə Hallar komissiyaları ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri addımlar atılacaq.

Nazir bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edəcəklər.

Diqqətə çatdırılıb ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcəklər.