04 fevral 2019 10:57
790

Saleh Rüstəmov bir dəfəyə 175.000 ABŞ dolları pul göndərdi...

AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı işləmiş Saleh Rüstəmovun dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərin maliyyələşdirilməsi üçün külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələri faktlara sübut olunur

Şəxsi mənafeyi naminə bütün ali dəyərləri ayaqlar altında tapdalayan dağıdıcı müxalifət düşərgəsinin “liderlərindən” biri, anti-Azərbaycan dairələrlə işbirliyində olan, onların sifariş və tapşırıqlarını yerinə yetirmək üçün min bir fırıldaqdan çıxan, ən çirkin vasitələrə əl atan AXCP sədri Əli Kərimlinin dünyagörüşü məhdud, bir qrup səbatsız gənci, eləcə də AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə müxtəlif vəzifələrdə çalışmış şəxsləri, kriminal ünsürləri ətrafına toplayaraq respublikamızda sabitliyi pozmaq, milli maraqlarımıza zərbə vurmaq, Azərbaycanın beynəlxalq imicinə ləkə yaxmaq üçün ən çirkin vasitə və metodlara əl atması ictimaiyyətimizə yaxşı məlumdur.  AXCP sədrinin bu məkrli və təxribatçı planları ifşa olunaraq daim alt-üst olur, cəmiyyətimiz tərəfindən ikrahla qarşılanır. Onun belə çirkin oyunlarından birinin üstü hazırda davam edən  məhkəmə prosesində açılıb.     

Fevralın 1-də Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilmiş növbəti baxış iclasında İslam Rəhimov, Natiq Kamalov və Vüsal Bayramov şahid qismində dindiriliblər.

Məhkəmə iclasında Cəmil Həsənli, Arzu Səmədbəyli, eləcə də KİV-lərin nümayəndələri iştirak ediblər.

Natiq Kamalov məhkəmədə ifadəsində göstərib ki, ticarət məqsədi ilə mütəmadi olaraq Rusiyaya gedib-gəlir, ayrı-ayrı şəxslərin Moskvadan Azərbaycana pul göndərilməsi məsələsini həll edir. 2016-cı ilin sonlarında Moskvada olanda Saleh Rüstəmov ona Bakıya 4000 ABŞ dolları göndərmək istədiyini, pulu Bakıda qardaşı oğlu Vidadi Rüstəmlinin götürəcəyini deyib. Pulu ondan götürdükdən sonra Vidadi Rüstəmlinin əlaqə vasitəsini qohumu Tural Mehdixanova göndərib. Vidadi Turalla Bakıda görüşərək 4000 ABŞ dollarını ondan götürmüşdür. Bundan sonra dəfələrlə qeyd olunan qaydada Saleh Rüstəmov Moskvadan Bakıya bəzən 3000, bəzən isə 4000 ABŞ dolları göndərib. 2017-ci ilin ortalarında isə Saleh Rüstəmov onun vasitəsi ilə bir dəfəyə 175.000 ABŞ dolları pul göndərib, həmin pulu da Vidadi Rüstəmli Bakıda Turaldan götürüb.

İslam Rəhimovun ifadəsindən məlum olub ki, 10 may 2018-ci il tarixdə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının təklifi əsasında onlar tərəfindən keçirilmiş əməliyyat tədbirində hal şahidi qismində iştirak etməyə razılıq verib. Həmin tarixdə polis əməkdaşlarının dəvəti ilə onlar Nərimanov rayonunda yerləşən “Əlibaba” çay evinin qarşısına gəlmişlər. Bir neçə dəqiqə sonra ora ağ rəngli “Kia” markalı avtomobil gələrək çay evinin qarşısında dayanmışdır. Polis əməkdaşları sükan arxasından düşən Vidadi Rüstəmliyə yaxınlaşıb xidməti vəsiqələrini təqdim etdikdən sonra narkotiklə bağlı şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Vidadi Rüstəmli şalvarının cibində bir büküm heroini, sonra isə idarə etdiyi avtomobilin qoltuqaltından iki ədəd selofan bükümlərdə maddələri çıxarıb polislərə təqdim edib.

Vüsal Bayramov isə məhkəmədə dindirilərkən bildirib ki, AXCP-nin üzvü Aqil Məhərrəmovu dostu Yusif vasitəsilə tanıyıb. Bir dəfə Aqil ona telefonla zəng edib, həmin gün işi olduğuna görə onun əvəzinə “Gənclik” metrostansiyasında bir nəfərlə görüşməyini və göndərilən pulu götürüb ona verməyini xahiş edib. O da işdən çıxdıqdan sonra Atatürk parkının yaxınlığında bir nəfər oğlanla görüşüb 500 ABŞ dolları məbləğində pulu qəbul edib Aqilə vermişdir.

Qeyd etmək lazımdır ki, təqsirləndirilən şəxs Aqil Məhərrəmov ilkin ifadələrində faktiki qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətməklə üzvü olduğu siyasi qurumun fəaliyyətini qeyri-qanuni maliyyələşdirdiyini etiraf edib.

Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.

Zahid Rza, “İki sahil”