08 oktyabr 2019 10:09
174

Saltuk Düzyol: TANAP-ın tikintisində 5,2 milyard dollara qənaət edilib

Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Kəmərinin əsas hissəsi olan TANAP-ın təqribən 5 milyard dollar qənaətlə tikilməsinin səbəbləri açıqlanıb. Qeyd edək ki, tikiləcəyi barədə qərar verilərkən 11,7 milyard dollara başa gələcəyi gözləniən layihə 45% qənaətlə, yəni 6,5 milyard dollara başa gəlib. Başqa sözlə, 5,2 milyard dollara qənaət edilib.  

TANAP-ın baş direktoru Saltuk Düzyolun sözlərinə görə, buna həm TANAP komandasının işi, həm də dünyadakı iqtisadi vəziyyət səbəb olub. 

Saltuk Düzyol bildirib ki, belə böyük qənaətin bir neçə əsas səbəbi var: “Bunlardan birincisi layihə komandasının satınalma prosesini düzgün idarə etməsi olub.  İkinci mühüm səbəb dünyadakı iqtisadi vəziyyət, daha dəqiqi iqtisadi aktivliyin azalmasıdır. Bu səbəbdən təchizatçı şirkətlər TANAP layihəsinə daha böyük diqqət ayıraraq daha yaxşı, sərfəli qiymətlər təklif ediblər. Nəhayət, layihədə qənaətə imkan yaradan digər mühüm səbəb tikintinin gecikmədən aparılmasıdır”.

Orxan Vahidoğlu,

Türkiyə

“İki sahil”