23 yanvar 2020 15:47
967

Seçkilərin keçirilməsi üçün kifayət qədər ciddi siyasi iradə mövcuddur

“Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərə ictimaiyyətin diqqəti böyükdür. Seçkilərə çoxsaylı namizədin qatılması da seçki mühitinin demokratikliyindən irəli gəlir”. Bu fikirləri secki-2020.az saytına açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib.

O bildirib ki, son illər ölkədə həyata keçirilən islahatlar təbii olaraq seçki mühitinə də müsbət təsir edir. “Bu baxımdan, fevralın 9-da şəffaf, demokratik seçkilərin keçiriləcəyini və seçicilərin öz hüququndan azad şəkildə istifadə edəcəyini deyə bilərik”.

Seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə davam etdiyini söyləyən R.Məcid imzatoplama prosesinin, namizədlərin qeydiyyata alınmasının qanunvericiliyə uyğun həyata keçirildiyini, təbliğat-təşviqat kampaniyasının bərabərhüquqlu şəkildə aparıldığını bildirərək deyib: “Seçkiöncəsi proseslərin müşahidəsi göstərir ki, demokratik seçkilərin keçirilməsi üçün kifayət qədər potensial və siyasi iradə mövcuddur”.

Baş redaktor təbliğat-təşviqat kampaniyasında medianın iştirakına da toxunub. O qeyd edib ki, medianın seçki prosesini işıqlandırmaq və bitərəfliyini qorumaq təcrübəsi zəngindir: “Mərkəzi Seçki Komissiyasının seçki qanunvericiliyinə uyğun ödənişli təbliğat qaydalarını müəyyənləşdirməsi bu istiqamətdə sui-istifadə hallarının qarşısını alacaq”.