25 iyul 2020 17:59
630

Sədaqət Vəliyeva: Su təhlükəsizliyimizin təmin edilməsi Prezident İlham Əliyevin perspektiv prioritetləri sırasındadır

“Məqsəd ondan ibarətdir ki, bundan sonrakı müddətdə su itkilərinə yol verilməsin, suyun mənbəyi düzgün təhlil edilsin və xərclərə nəzarət gücləndirilsin”

 

“Azərbaycanda bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. Məhz, bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib, eyni zamanda digər sahələrin də tərəqqisinə əlavə təkan verib”.

“İki sahil” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bu gün ölkəmizin 30-dan çox elektrik stansiyası var və bu, enerji təhlükəsizliyini təmin edir. Hətta, Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, bu enerjini ixrac belə edir: “Bununla yanaşı, ölkəmizdə qazlaşdırma 96 faizə çatıb və bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Təsadüfi deyildir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir”.

“Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri də xüsusi əhəmiyyət kəsb edir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində olduğu halda, bu gün 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idisə, bu gün bu rəqəm təxminən 82 faizdir. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idisə, bu gün bu rəqəm 63 faizdir: “Lakin bu uğurlara baxmayaraq cənab Prezident İlham Əliyevin tapşırığı ondan ibarətdir ki, Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır. Su təhlükəsizliyimizin təmin edilməsi Prezident İlham Əliyevin perspektiv prioritetləri sırasındadır. Məqsəd ondan ibarətdir ki, bundan sonrakı müddətdə su itkilərinə yol verilməsin, suyun mənbəyi düzgün təhlil edilsin və xərclərə nəzarət gücləndirilsin. Su çatışmazlığı əlbəttə ki, insanların gündəlik yaşayışı təsir etdiyi kimi məhsuldarlığa da təsir edir. Bu səbəbdən də perspektiv layihələr çərçivəsində 22 kanal yenidən qurulacaq, bunun nəticəsində də təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatını tam həll ediləcək”.