12 iyun 2019 17:27
118

Səfər Mehdiyev: Virtual ticarət operatorlarının sayının artması effektiv nəzarəti məhdudlaşdırır

"Beynəlxalq ticarətin həcminin gündən-günə artması qloballaşma və inteqrasiya proseslərinin genişlənməsi, dünya təsərrüfatı sisteminin şaxələndirilməsi nəticəsində ticarət-təchizat zəncirinin idarəedilməsi daha mürəkkəb və çoxmərhələli prosesə çevrilib".

"İki sahil"in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının (ÜGT) "SMART sərhədlər üçün yeni texnologiyalar, ticarət, səyahət və daşımalar üçün yeni imkanlar" mövzusunda “İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgi”sində deyib.

 Komitə sədri bildirib ki, texnoloji imkanlardan istifadə etmədən bu çətin vəzifənin öhdəsindən gəlmək mümkün deyil: “Müasir innovativ həlləri özündə ehtiva edən texnoloji imkanlardan istifadə etmədən bu çətin vəzifənin öhdəsindən gəlmək mümkün deyil. Eyni zamanda, texnologiyaların sürətli inkişafı nəticəsində iqtisadiyyatın rəqəmsal transformasiyası, elektron kommersiyanın inkişafı ilə əlaqədar virtual ticarət operatorlarının sayının artması, bulud texnologiyalarına əsaslanan yeni dəyər zəncirinin formalaşması öz növbəsində yeni risklər yaradır və ticarət-təchizat zəncirinə gömrük orqanları tərəfindən effektiv nəzarətin məhdudlaşdırılmasına gətirib çıxarır”. 

S. Mehdiyev vurğulayıb ki, bu cür qlobal çağırışlar şəraitində Azərbaycanın gömrük xidməti gömrük işi sahəsində biznes proseslərin müasir dövrün tələblərinə uyğun şəkildə yenidən qurulması, rəqəmsal gömrük inzibatçılığının inkişaf etdirilməsi, gömrük nəzarətinin təşkilində vaxt və insan resurslarından optimal şəkildə istifadə edilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və şəffaflığın artırılması məqsədilə müasir informasiya-kommununikasiya texnologiyalarının tətbiqinə və istifadəsinə önəm verir.