15 iyul 2020 15:05
664

Səfir: Din davası aparmırıq, tələbimiz torpaqların azad olunmasıdır

“Məni bu sətirləri yazmağa vadar edən hansısa ambisiya, yaxud ziyalılıq, və ağsaqqallıq missiyası deyil. Sadəcə Azərbaycanın bir vətəndaşı kimi keçirdiyim həyəcan və narahatlıq hissidir. Sondakı qanqaraldıcı hadisə olmasaydı, dünən gecə hər şey möhtəşəm idi”.

Bunu Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev “Facebook”da yazıb.

Onun sözlərinə görə, xalqımız, insanlarımız göstərdi ki, heç nə bizə Qarabağı, işğal faktını unutdura bilməz, mütləq və mütləq torpaqlarımızın sahibi olacağıq. İşğalçı ermənilərin ən böyük ümidlərindən biri həm də milli yaddaş hissindən yoxsunluğumuza, unutqanlığımıza idi. Dünənki ümumxalq həyəcanı bu ümidin əsassızlığını göstərdi.

“Eyni zamanda, unutmayaq ki, xaos xalqımıza yeni fəlakətlər gətirə bilər. Dövlətimizin ətrafında daha sıx birləşək, polisin qanuni tələblərinə hörmətlə yanaşaq, təxribatçılara uymayaq, onları özümüz inandıraraq susduraq, yaxud qanuni hakimiyyət nümayəndələrinə müraciət edək.

Nözənbillah, hamımız müsəlmanıq. Allahın birliyinə və böyüklüyünə iman gətirmişik. Amma "Allahu Əkbər" təkbirini siyasi şüara çevirib işğalçıya qarşı mübarizəmizə islam fundamentalizmi donu geyindirmək olmaz. Biz din davası aparmırıq, tələbimiz torpaqlarımızın işğaldan azad olunmasıdır.

Bu gün qorumalı olduğumuz ən böyük nemət Azərbaycan dövlətçiliyidir. Bu gün keşiyində durmalı olduğumuz ən böyük dəyər Azərbaycan ordusudur", - deyə səfir vurğulayıb. //Azvision.az