16 mart 2020 20:15
951

Səmənili, xoncalı, gur tonqallı çərşənbələrimiz

Milli-mənəvi dəyərlərinə sadiq qalan Azərbaycan xalqının əsrlərdən bəri qoruyub, saxladığı Novruz bayramı ölkəmizdə xüsusi təntənə ilə qeyd olunur. Bayramdan əvvəl özünəməxsus ritualları, ayinləri ilə qeyd olunan çərşənbələrin hər birində xalqımızın inancları yaşanır.

Od, Su, Yel, çərşənbələrini yola salan xalqımız sonuncu, Novruzun müjdəçisi olan Torpaq çərşənbəsini qeyd edir. Çərşənbələrin ümumi oxşarlıqları olsa da, bəzi yerlərdə İlaxır çərşənbəsi adlandırılan torpaq çərşənbəsinin bölgələrə görə fərqli cəhətləri də vardır. Naxçıvanda qeyd edilən İlaxır çərşənbəsində təşkil olunan təntənələr, mərasimlər hətta Novruz bayramını da geridə qoyur.

...Axır çərşənbəyə bir neçə gün qalmış qız- gəlinlər evlərdə təmizlik işləri aparar, qışın çətinliklərinə son qoyarlar. Qızlar Novruzun gəlişini bildirən, ruzi-bərəkət rəmzi olan səmənilər göyərdər, nənələrimiz səməni halvası bişirər, qonşulara pay verərlər. Səməni haqqında deyilən, “ səməni, saxla məni, ildə göyərdərəm səni” sözlərinin bu gün də səslənməsi onu göstərir ki, əsrlərdən bəri elliklə oxunan bu mahnının da yaşı elə Novruz qədərdir.

Yeri gəlmişkən, artıq mütəxəssislər də təsdiq edirlər ki, səməni göyərtmək üçün isladılmış buğdanın azacıq cücərməsi halında döyülüb suyunun içilməsi xərçəng xəstəliyinin müalicəsi üçün çox əhəmiyyətlidir. İnsanlara xoş əhval-ruhiyyə gətirən bu bayramda hamıya, xüsusilə uşaqlara təzə paltar almaq əsrlərdən bəri əməl olunan adətlərdəndir. Axır çərşənbədə, Novruzda küsülülər barışar, insanlar hazırladıqları “yeddi ləvin” deyilən bayram nemətlərindən qonşulara pay verər, böyüklər yad olunar.

Axır çərşənbənin ertəsi, gün çıxmamış axar su üstünə, bulaq başına getmək, ürəklərdəki arzu- istəklərin çin olması diləyi ilə əl-üzləri yumaq da adətlərdəndir. Naxçıvandakı Qızlar bulağı həmin gün qızların niyyət yerinə çevrilər. El şənliklərində gözaltı etdiklərinə qovuşmaq istəklərini sirr saxlayan bulaqla bölüşər, niyyətlərinin çin olmasını arzulayarlar. Həmin vaxt bulaqdan götürülən su evlərin künclərinə səpilər, Tanrıdan yurdumuza qədəm qoyan ilin insanlara xeyir-bərəkət, ruzi gətirəcəyi diləyini arzulayarlar. İlaxır çərşənbəsinin tonqalları alovlandırılmadan nişanlı qızlara, yeni ailə quran gəlinlərə bayram xoncası göndərilər. Eyni zamanda, dünyasını dəyişənlərin xatirəsi anılar.

Bəzi bölgələrdə ev sahibi və ya ailə üzvlərindən biri kuzədə bir parça qara kömür, bir ovuc duz və bir neçə qara qəpik qoyar, sonra onları damdan atardılar. Deyilənə görə, kömür qara günün, duz acgözlük, qəpik isə yoxsulluğun nişanəsidir. Əcdadlarımız bununla özlərini yoxsulluqdan və ağrı-acıdan qurtarmağa çalışarmışlar.

İlaxır çərşənbədə süfrədə şamların qoyulması mütləqdir. Evlərdə dəmə qoyulan zəfəranlı bayram aşının ətri ətrafa yayılır. Şəkərbura, paxlava ilə birlikdə hər bölgənin özünəməxsus şirniyyatları süfrələri bəzəyir. İmkansız ailələrə bayram sovqatları göndərilir. Bu kimi adətlər göstərir ki, Novruz xeyirxahlıq, humanizm və bərabərlik bayramıdır. Bütün ailə üzvləri bir yerə yığıldıqdan sonra üzərlikli tonqallar qalanır, hər kəs “ağırlığım-uğurluğum odda qalsın” deyərək tonqalın üstündən tullanır. Kütləviliyi ilə seçilən axır çərşənbədə həyətlərdə yandırılan, birlik, həmrəylik, səmimiyyət rəmzi olan tonqalların ətrafına toplaşanlar bayramın əsas personajlarından olan Kosa ilə Keçəlin oyunlarına tamaşa edir, şənlənirlər. Özünə “ərzaq toplayan”, şən zarafatları ilə hamını güldürən Kosa ilə Keçəlin oyunlarına daha çox maraq göstərən, qırmızı rəngə boyanmış yumurtalarının bərkliyini sınayan uşaqlar bu cütlüyün hərəkətlərini təqlid edir, onlarla birgə oynayırlar.

Ömrünün yaşanan illərinin sayı qədər bayram tonqalının istisini ürəyində saxlayan, qız -gəlinlərin sevincində artıq tarixə qovuşmuş gəncliyini xatırlayaraq köks ötürən nənələr cavanların şadlığına şərik olurlar. Babalar illər öncə belə tonqalların ətrafında gözaltı etdikləri “yarıları” ilə keçirdikləri gəncliklərini yada salır, qurduqları isti ocaqlarından pərvazlanan övladlarının əhatəsində olduqları üçün özlərini xoşbəxt hesab edirlər. Bu bayramda elin və evin ağbirçək və ağsaqqalarını ziyarət edərək onlara baş çəkmək də adətdəndir.

İlaxır çərşənbədə tonqal qalayanda yaş ağacdan istifadə olunmaz. Yeniyetmə qızlar xeyli aralıda arxası qapıya tərəf durub ayaqlarındakı ayaqqabının sağ tayını qapıya doğru atarlar. Əgər ayaqqabının baş tərəfi qapıya doğru düşürsə, bu, həmin il qızın ailə qurub köçəcəyinə işarədir, yox əgər ayaqqabının arxası qapıya tərəf düşəcəksə, onda qız hələ bir qədər də gözləməli olacaq.

Axır çərşənbənin sınanmış adətlərindən biri də “açarsalma” adətidir.

Ürəklərində tutduqları niyyətləri ilə evdən eşitdikləri sözlər arasında müəyyən uyğunluqlar tapmağa çalışanlar arzularının nə zaman reallaşacağına inanarlar. Nənələr, el ağsaqqalları də təsdiqləyirlər ki, həmin gün eşidilən sözlərin yozumu ürəklərdə tutulan niyyətlərə işıq salır, güzgü kimi əks olunur.

“Fala inan, faldan qalma” deyənlər belə axır çərşənbədə ulduz- iynə falının açıqlamasına da inanırlar. Bu bayramda gənc qızlar nişan üzüyünə tük bağlamaqla onu suya salarlar. Sonra üzüyü suyun üzərində saxlayıb, onun neçə dəfə fırlanmağını sayarlar. Üzük neçə dəfə fırlanarsa, demək gənc qız həmin yaşda ailə həyatı quracaq.

Axır çərşənbədə nişanlı qızlara, yeni ailə qurmuş gəlinlərər bayram xoncası göndərilir.

Dahi Azərbaycan şairi Məmmədhüseyn Şəhriyarın “Ah, nə gözəl qaydadır şal sallamaq, bəy şalına bayramlığın bağlamaq” sözlərini əks etdirən atributlar hələ də yaşadılan adətlərdəndir. İlaxır çərşənbədə oğlanlar gözaltı etdikləri qızların evlərinin damına çıxar, bacadan ucuna balaca dəsmal bağlanmış şal sallayarlar. (Çox təəssüf ki, indi bacası olan ev yoxdur.) Şalın ucuna bağlanmış həmin yaylığı evin böyükləri açıb qızın qoluna bağlayarlarsa, bu, razılıq əlaməti idi. Əgər razı deyillərsə, həmin dəsmala şiriniyyat qoyub geri qaytararlar.

Axır çərşənbədə kəndlərdə mağar, el məclisi qurulur, aşıqlar sazın, sözün qüdrətini öz məharətləri ilə göstərirlər.

Axır çərşənbə və Novruz bayramı Naxçıvan sakinlərinin yaddaşında bir hadisə ilə də qalıb. Sovetlər dönəmində, planlı iqtisadiyyatın mövcud olduğu illərdə muxtar respublikanın enerji ilə təchizatı da “planlı” şəkildə “təmin olunurdu.” O vaxt muxtar respublikaya elektrik enerjisi Ermənistandan ötürülürdü. İnsanların süfrə arxasında toplaşdığı məqamda evlərdə işıqlar sönürdü. Yəni, “mehriban ailənin üzvü” kimi yaşadığımız illərdə də ermənilər insanların bayram sevincini azacıq müddətə olsa azaltdıqları üçün rahatlıq tapırdılar. Bu da ermənilərin qanlarında olan türkə qarşı nifrətinin, mənfur xislətinin bir nümunəsi idi. İllərdən bəri bu bayrama dini don geyindirməklə xalqımızın yaddaşından Novruz sevincini qoparmaq niyyətində olanlar kimi, ermənilər də heç bir halda insanların bayram sevincinə xələl gətirə bilmirdilər. Ümummilli lider Heydər Əliyev Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasını rəsmiləşdirməklə insanlarda ünsiyyət, mehribanlıq, dostluq duyğularını gücləndirdi. Prezident İlham Əliyevin bildirdiyi kimi sözün əsl mənasında ümumxalq bayramı mahiyyətini yaşadan Novruz bayramının respublikamızın hər bir güşəsində böyük ruh yüksəkliyi, rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin bəhrələrindəndir. Birinci vitse -prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu xeyirxahlıq Şərq aləmində özünə məxsusluğu ilə seçilən el şənliyinin bəşəri dəyərlərlə zənginliyindən xəbər verir. Təşkil olunan bayram yarmarkaları yurdumuzun min bir nemətləri ilə bəzədilir.

...Novruzun gəlişi respublikamızın hər yerində canlanma yaradıb. Soyuq qışın qar yorğanını üstündən atan torpaq yavaş-yavaş isinir. Çay kənarlarını özünə məskən seçən yarpızların ətri lap uzaqlardan hiss olunur. Çöl-çəmənlərimiz təbii səmənilərdən yaşıl dona bürünüb. Yazın ilk müjdəçisi, boynu bükük, kövrək bənövşələri titrədən səhərin mehi təbiəti oyadır. Ağaclar Günəşi tumurcuq gözləri ilə salamlayırlar. Bu bayramın sevincini yaşayan insanlar dost- tanışlarına ən xoş diləklərini çatdırırlar. Bu sevinci biz də ürəklərimizdən gələn arzularımızla ifadə edirik: Ocaqlarınız daim isti, süfrələriniz nemətlərlə bol olsun! Yeni il ölkəmizə , hər bir ailəyə ruzi, bolluq, bərəkət gətirsin!

Xuraman İsmayılqızı, “İki sahil”