09 iyul 2020 22:21
5236

Səmra Rəhimli “üçüncü gözünü” TƏQDİM ETDİ - VİDEO

Səmra özünün yeni hip-hop AUDİO albomundan ilk sinqlını təqdim edib

Səmra Rəhimli hip-hop janrında yaradıcılıq axtarışlarını davam etdirir. Bu günlərdə müğənni özünün “GÖZ” adlı yeni albomundan ilk sinqlı onlayn rejimdə təqdim edib. Müğənninin sözlərinə görə, məşhur reper XXXTENTACION-un MOONLIGHT hitinin təsiri altında yaradılmış bu trek həyatdan nakam getmiş reperlərin xatirəsinə həsr edilib.

Səmranın bütün layihələri kimi, bu albomun da ideya müəllifi müğənninin anası İlahə Baxşıyevadır.

Müğənni bir illik gərgin zəhmət sayəsində ərsəyə gəlmiş yeni albom barədə söhbət açaraq vurğulayıb ki, yerli şou-biznesdə bu albomun oxşarı yoxdur: “Çünki o, Azərbaycanda hip-hop janrında ilk qadın albomudur. Alboma daxil edilmiş 10 trekin hamısı bu janrda yazılıb.

Hip-hop bir janr kimi məni həmişə cəlb edirdi, hətta məktəb illərində, amma ingilis dilində, replər oxuyurdum, o illərin məşhur reperlərinin ifalarına qulaq asır və onların oxuduqlarını təkrarlayırdım. Bu janr məni rahat buraxmırdı və həmişə anamdan soruşurdum: “Maraqlıdır, bu treklərin sədaları altında azərbaycanca sözləri necə səslənəcək, onlar bizim dinləyicilər tərəfindən seviləcəkmi?”.

Yaxşı deyiblər: niyyətin hara, mənzilin də ora! İllər sonra mən öz sevimli hip-hop janrıma qayıtdım və anamla bərabər bizimlə eyni zövqlü, mənim kimi “görən” və eşidən insanlar tapmaq üçün xeyli vaxt sərf etdik. Və belə insanları tapdıq. Uğurlu ARMAS sinqlından sonra biz bu istiqamətdə işə davam etməyi qərara aldıq – yeni treklər yazmağa başladıq və bir də onda oyandıq ki, bütöv bir albom üçün material yığılıb...

Mən həmişə keyfiyyətli, dünənkindən daha yaxşı məhsul buraxmağa çalışıram. Bəlkə də çoxları üçün mənim bu sözlərim təvazökarlıqdan kənar görünəcək, amma tam məsuliyyətlə bildirirəm. “GÖZ” albomu Azərbaycan şou-biznesində yenilikdir. Bu, belə formatda birinci qadın layihəsidir…

Biz, necə deyərlər, məmnunluq müddətini artırmaq məsələsini birlikdə, komanda şəklində həll etmişik, buna görə albomu şəbəkədə tam halda paylaşmadıq”. //Publika.az