12 iyul 2019 15:38
105

Sənaye istehsalı 2 faiz artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-iyun aylarında 23,6 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,7 faiz artıb.

"İki sahil" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 69,5 faizi mədənçıxarma sektorunda, 25,6 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 35 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 83,6 faiz, içkilərin istehsalı 65,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 51,2 faiz, hazır metal məmulatlarının istehsalı 47,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 30,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,4 faiz, kağız və karton istehsalı 28,6 faiz, mebel istehsalı 27,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,6 faiz, qida məhsullarının istehsalı 20 faiz, tütün məmulatlarının istehsalı 14,2 faiz, poliqrafiya məhsullarının istehsalı 10,6 faiz, maşın və avadanlıqların istehsalı 10 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 10 faiz, tikinti materiallarının istehsalı 8,9 faiz, əczaçılıq məhsullarının istehsalı 5,7 faiz, geyim istehsalı 3,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8 faiz artıb, neft məhsullarının istehsalı 1,5 faiz, elektrik avadanlıqlarının istehsalı 8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 18,2 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4 faiz artıb.