14 iyul 2020 18:33
1086

Serbiya KİV-ləri Ermənistanın törətdiyi hərbi təxribatlardan yazır

Serbiyanın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən Tovuz rayonuna hücum cəhdləri və törətdikləri təxribatlara dair məqalələr dərc olunub.

Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qaldığı xüsusilə qeyd edilən məqalələrdə hər iki tərəfin itki verməsi, lakin provokasiyalara baxmayaraq, Azərbaycan tərəfinin bir qarış belə ərazi itirmədiyi vurğulanıb.

Məqalələrdə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə məlumatlar qeyd edilib. Bununla yanaşı, Serbiyanın “Balkanin” xəbər portalında “Qarabağda döyüşlər: Azərbaycan Ermənistanın istənilən təxribatçı hərəkətlərinə adekvat cavab verəcəyini vəd edir” başlıqlı məqalə dərc edilib. Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən təxribat xarakterli hücumlara dair çıxışı oxucuların diqqətinə çatdırılıb.

Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı Serbiyada akkreditə olunmuş diplomatik korpusa, Serbiya dövlət və hökumət rəsmilərinə və ziyalılarına göndərilib. Bütün məlumatlar, eyni zamanda, səfirliyin sosial şəbəkələri və rəsmi internet səhifəsində də dərc olunaraq yerli oxuculara çatdırılır. //AZƏRTAC