15 iyul 2019 20:14
701

Sərmayə reytinqinə görə MDB məkanında ilk üçlükdəyik

Azərbaycan sərmayə qoyuluşu üçün dünyada ən cəlbedici ölkə kimi dəyərləndirilir

Azərbaycanın iqtisadi inkişafında xarici investisiyaların cəlbi,  qabaqcıl texnologiyaların tətbiqi və müasir idarəetmə təcrübəsindən geniş istifadə önəmli faktordur. Bu reallıq həm də ondan qaynaqlanır ki, ölkəmizdə siyasi və makroiqtisadi sabitlik mövcuddur, investorların hüquqları etibarlı qorunur, əlverişli coğrafi mövqeyə sahibik, zəngin təbii ehtiyatlarımız və yüksək ixtisaslı işçi qüvvəmiz var. Bütün bu önəmli amillər Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib.

Qeyd edək ki, son 10 ildə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 100-dən çox müqavilə imzalanıb. Təkcə 2018- ci ildə iqtisadiyyatımıza 15 milyard dollar  sərmayə qoyulub ki, onun da yarıdan çoxu qeyri-neft sektoruna yönəldilib.

Bu, bir faktdır ki, Azərbaycan bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün çox cəlbedici ölkəyə çevrilib. Ona görə ki, həm iqtisadi və siyasi sabitlik, həm də zəngin valyuta ehtiyatlarımız, o cümlədən həyata keçirilən önəmli layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin ölkəmizə cəlb edilməsini daha da sürətləndirir.

Bu gün ölkəmizin qeyri-neft sektoruna birbaşa xarici sərmayələr üzrə ən böyük investorlar Türkiyə, ABŞ, Rusiya, Yaponiya, Fransa və İtaliya şirkətləridir. Hazırda ölkəmizdə minlərlə xarici investisiyalı müəssisə fəaliyyət göstərir. Xarici şirkətlər, eyni zamanda, Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində fəal iştirak edirlər.

Burada çox əhəmiyyətli bir gerçəkliyi də qeyd etmək lazımdır ki, Azərbaycanın maliyyə ehtiyatları artdıqca  xarici ölkələrə sərmayə qoyuluşunun həcmini artırır. Bu istiqamətdə ən çox sərmayə qardaş Türkiyəyə yatırılıb.

Qeyd edək ki, ötən ilin oktyabrın 19-da açılışı gerçəkləşən “Star” neft emalı zavoduna SOCAR tərəfindən 6.3 milyard dollarlıq investisya qoyulub.  Bununla da ölkəmizin son 20 ildə qardaş Türkiyəyə yatırdığı sərmayə ümumilikdə 19,5 milyard dollar civarındadır. Son doqquz ildə bunun 12,6 milyard dollarlıq hissəsi müxtəlif layihələrə yatırılıb. Zavoda 80.000 tonluq ilk xam neft yükü Azərbycandan gəlib. Qürurverici faktdır ki, zavod Avropa, Orta Şərq və Afrikanı əhatə etməklə bölgədə ən nəhəng neft emalı müəssisəsidir.

Eyni zamanda, ölkəmizin Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində qurulan  iqtisadi münasibətləri də xarici sərmayənin həcmini genişləndirir.  2018-ci ilin  iyul ayının 11-də Brüsseldə Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun iştirakı ilə tərəflər arasında “Tərəfdaşlıq prioritetləri” sənədi paraflandı.

Bu sənəd Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açdı. 2018-2020-ci illəri əhatə edən sənəd tərəfdaşlığın bərabərhüquqlu, qarşılıqlı xarakter daşıdığını özündə əks etdirir.

 Ötən il  Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı IV biznes forumunda da bütün bu məsələlərə toxunulub və tərəflər arasındakı münasibətlərin yeni inkişaf mərhələsində olduğu vurğulanıb. Qeyd edilib ki, bu gün Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır.

2018-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42 faiz olub və 10 milyard dollar təşkil edib. Ümumiyyətlə, müstəqillik dövründə Aİ-dən Azərbaycan iqtisadiyyatına 25 milyard dollara yaxın investisiya yatırılıb. Azərbaycanda Aİ ölkələrinin 1500-dən çox şirkəti fəaliyyət göstərir. İttifaqın bir sıra ölkələri (Almaniya, Fransa, Avstriya, İtaliya, Yunanıstan, Polşa və s.) ilə Azərbaycan arasında ticarət palataları fəaliyyətdədir.

Bu gün Azərbaycan Aİ-nin əsas enerji tərəfdaşlarındandır. Bakıda rəsmi açılışı olmuş Cənub Qaz Dəhlizi, Türkiyədə tamamlanan TANAP layihəsi enerji sahəsində strateji əməkdaşlığın gözəl nümunələrindəndir. 4 seqmentdən ibarət olan bu layihə Azərbaycan qazını birbaşa Avropaya çatdıracaq.

Ümumiyyətlə, MDB Statistika Komitəsinin ötən il açıqladığı iqtisadi göstəricilərdə Azərbaycan xarici ölkələrə yatırdığı iri həcmli sərmayələrə görə MDB məkanında ilk üçlükdədir.

Elçin Zaman, “İki sahil”