07 oktyabr 2019 17:16
87

Sevgilisi tərəfindən atılan oğlan onu və ailəsini güllələdi

Oktyabrın 6-da Avstriyanın Tirol əyalətində beş nəfərin ölümü ilə nəticələnən qətl hadisəsi baş verib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Kitsbühel şəhərində baş verən hadisədən sonra 25 yaşlı qatil polis şöbəsinə gələrək təslim olub. O, polis şöbəsində qətl törətdiyi odlu silahı da asayiş keşikçilərinə təhvil verib.

İlkin dindirilmə əsasında qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir. Sevgilisinin iki ay bundan öncə ondan ayrılmasını qəbul etməyən şəxs onun evinə gedərək, keçmiş sevgilisini və onun bütün ailə üzvlərini güllələyib.

Hadisəni qardaşının leqal şəkildə sahib olduğu tapança ilə törədən qatil hadisə zamanı anlaqlı vəziyyətdə olduğunu və alkoqol qəbul etmədiyini bildirib. Müfəssəl etirafdan sonra qatil barəsində həbs qətimkan tədbiri seçilib və İnnsbruk Təcridxanasına təhvil verilib.