KÖŞƏ

Vəli İlyasov

Sevinc Osmanqızı, nə vaxtdan agentlik müxalifətçilik sayılır?

05 iyul 2019 20:35
2054

“Mən müxalifətəm”-deyib meydana atılmaq, özünü həyasızlığa qoyub dövlətdən nəsə qoparmağa çalışmaq, bu da baş tutmayanda üz döndərib naxələflik etmək  müxalfətçilik deyil. Müxalif mövqedə olanın dərin ağlı, güclü siyasəti, bacarığı, idarəçilik qabiliyyəti, real platforması, məramı, inkişaf konsepsiyası, xalq arasında böyük nüfuzu olmalıdır. Bu baxımdan Azərbaycandakı dağıdıcı müxalifət nə gündədir?  Dağıdıcıların düşərgəsinə baxanda bu keyfiyyətlərə malik bir lider görünürmü? Yox, çünki o, yoxdur. Görünənlər isə Azərbaycanın xarici düşmənlərinə qulluq göstərənlər və öz şəxsi ambisiyalarını reallaşdırmağa can atan pulpərəstlər və mənsəbpərəstlərdir. Ən pisi də odur ki, bu adamlar xarici dairələrin əlaltısı kimi onlara verilən ssenari üzrə öz xalqına hər cür xəyanət etməyə hazırdırlar. Təki pul olsun.

Onların hamısının “xasiyyətnamələri” hamıya məlumdur. Ancaq biri haqqında ayrıca danışacağıq.

Jurnalist Sevinc Osmanqızı heç özü də bilmir ki, bu cəmiyyətdən nə istəyir, niyə öz torpağından cəlayi-vətən olub? Bəyəm onun Azərbaycanda nədənsə əskikliyi vardı? Tanınmış bir jurnalistin-dövlət adamının qızını okeanın o tayına aparıb çıxaran nədir? Cavabı bircə kəlmə ifadə etmək olar: iddia. İddiasına əsir olan Sevinc Osmanqızı hətta Qarabağ torpağı uğrunda qurban getmiş atasının ruhuna xəyanət etməyi belə özünə rəva görür. Nə üçün okeanın o tayında oturub doğulub boya-başa çatdığı, suyunu içib, çörəyini yediyi vətəninə iftiralar yağdırır? Onun barəsində mətbuata sızdırılan məlumatlarda bildirilir ki, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. Təbii ki, superhəyat arzusu ilə ölkəsini tərk edən Sevinc Osmanqızı Azərbaycana düşmən olan dairələrə ucuz qulluq göstərməz. Ona görə də belə pulların müqabilində öz xalqına hər cür yarlıq yapışdırmaqdadır. Guya Azərbaycanda demokratiya yoxdur, insan haqları pozulur, insanlar əqidəsinə görə təqib olunur, “siyasi məhbuslar” və s. kimi cəfəngiyyatlar söyləməkdən heç utanmır da. Məqsəd ona verilən tapşırığa uyğun olaraq vətəndaşlarımızı iqtidara qarşı itaətsizlik göstərməyə sövq etməkdir.

İş o yerə çatıb ki, dövlət başçısının jurnalistlərə mənzil hədiyyə etməsini belə ləkələməyə, onu qara rəngə boyamağa çalışıb.  Dövlət başçısının mətbuatda çalışan jurnalitlərə mənzil bağışlamasında pis nə var ki? Bunu yalnız alqışlamaq lazımdır. Ancaq Sevinc Osmanqızı alqışlamır, bu xeyirxah addıma şəbədə qoşmağa çalışır. Özündən uydurur ki, guya Prezident jurnalistlərə mənzil verməklə onları öz tərəfinə çəkir. Ancaq unudur ki, mənzil verilənlərin bir çoxu müxalifət mətbuatında çalışanlardır. Bundan başqa, müxalifətçi jurnalistlər dövlətin orden və medalları ilə, fəxri adlarla və s. təltif olunurlar.

Təəssüf ki, Sevinc Osmanqızı həmkarımızdır. Ancaq bu, o demək deyil ki, bizim əvəzimizdən danışsın və ya bizə vəkillik eləsin. Biz öz Vətənimizdə yaşamağı və xalqımıza xidmət göstərməyi ən şərəfli iş hesab edirik. Sevinc Osmanqızı kimilər bizi öz yolumuzdan sapdıra bilməz. Əqidəsini, xalqının mənafeyini pula satan Sevinc Osmanqızı qoy öz halını düşünsün, gələcəyini göz önünə gətirsin. Azərbaycana hansı üzlə qayıdacağını, soydaşlarının arasına necə çıxacağını fikirləşsin. Təbii ki, o, nankorluğuna görə nə vaxtsa peşman olacaq, ancaq “sonrakı peşmançılıq fayda verməz- deyiblər. Hazırda isə ona-buna lakeylik etməklə və bununla da cədd-əqrəbasına hörmətsizlik gətirməklə gününü keçirir.